
Vətən müharibəsinin xronikası: döyüşlərin 32-ci günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 32-ci gününün xronikasını təqdim edir.
Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də Azərbaycanın Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy və Qubadlı rayonlarının ərazilərini atəşə tutub.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri bir neçə dəfə Tərtər və Bərdə rayonlarının dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilərini “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS), kaset bombalarından və toplardan atəşə tutub. “Smerç” YARS-dan atılan raket atəşi nəticəsində Bərdə rayonundan biri uşaq olmaqla, 19 nəfər həlak olub, 60-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycan Ordusu düşmənin xain hücumlarının cavabını cəbhədə verib. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK-ı, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatanı, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib.
Müharibənin 32-ci günü Azərbaycanın Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yeni azad edilən kəndlərin adlarını açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli; Füzuli rayonunun Mandılı; Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac; Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib”.