
Vətən müharibəsinin xronikası: döyüşlərin 34-cü günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 34-cü gününün xronikasını təqdim edir.
Prezident İlham Əliyev Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndinin işğaldan azad edildiyini açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı; Zəngilan rayonunun Aladin, Vejnəli; Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib”.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Oktyabrın 30-u düşmən Bərdə, Goranboy, Qubadlı, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini artilleriya atəşinə tutulub. Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəs “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşayış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində oktyabrın 30-dək 7 ailə tamamilə məhv olub. Bundan başqa, 4 uşaq hər iki valideynini itirib. Oktyabrın 30-dək həlak olan 91 mülki şəxsin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıl olub.
Ermənistan silahlı qüvvələri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərində dinc əhalini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 26 nəfər, o cümlədən 10-qadın və 6 uşaq həlak olub, 57-si qadın, 32-si uşaq olmaqla 142 nəfər yaralanıb. Bərdə rayonunda isə 27 dinc sakin (8 qadın və 1 uşaq) həlak olub, 101 nəfər, o cümlədən 26 qadın və 14 uşaq xəsarət alıb.
Düşmənin raket və ağır artilleriya atəşləri nəticəsində Tərtər rayonunda 17 (1 uşaq, 1 qadın), Goranboy rayonunda 8 (2 qadın, 5 uşaq), Ağdam rayonunda 7 (1 qadın), Füzuli rayonunda 3 nəfər, Beyləqan rayonunda 2 qadın və Ağcabədi şəhərində 1 uşaq həlak olub.