Vətən müharibəsinin xronikası: döyüşlərin 35-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 35-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 35-ci gününün xronikasını təqdim edir.

Oktyabrın 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələri müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Oktyabrın 31-i gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM-i, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK-ı, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib.

Ermənistan silahlı qüvvələri Qubadlı, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar zamanı Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinin 5 ədəd Su-25 döyüş təyyarəsi Cəbrayıl və Qubadlı rayonları istiqamətində vurulub, Ermənistan ərazisində təlim uçuşu keçirən daha bir ədəd Su-25 təyyarəsi qəzaya uğrayıb.

Poliqon.az

CATEGORIES
TAGS