
Vətən müharibəsinin xronikası: döyüşlərin 36-cı günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 36-cı gününün xronikasını təqdim edir.
Noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM-i, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib.
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində düşmənin 2 ədəd artilleriya batareyası sıradan çıxarılıb.
Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.
Habelə ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib, istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri məhv edilib.
Ermənistan silahlı qüvvələri müharibənin 36-cı günündə də Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini növbəti dəfə artilleriya atəşinə tutub.