
Vətən müharibəsinin xronikası: döyüşlərin 37-ci günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 37-ci gününün xronikasını təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” hesabında işğaldan azad olunmuş ərazilərin adlarını açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib”.
Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd Su-25 döyüş təyyarəsi, 1 ədəd KUB zenit-raket kompleksi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib.
Noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax, Tovuz, Daşkəsən, Goranboy, Tərtər, Zəngilan, Ağdam, Qubadlı və Ağcabədi rayonlarının kəndlərini artilleriya qurğuları, minaatan və atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyətinin sayıqlığı nəticəsində düşmən xeyli itki verərək geri çəkilməyə məcbur edilib.