Vətən müharibəsinin xronikası: döyüşlərin 38-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 38-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 38-ci gününün xronikasını təqdim edir.

Noyabrın 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib. Həmçinin, noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycnın hava hücumundan müdafiə bölmələri tərəfindən məhv edilib.

Günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin 3 ədəd topu məhv edilib. Ermənistan ərazisindən Azərbaycan bölmələrinə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Ermənistan Ordusunun Xankəndi yaxınlığında yerləşən daha 2 sursat anbarı məhv edilib.

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib. Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan Silahlı Qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Noyabrın 3-ü Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan, Ağdam, Ağcabədi, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını atəşə tutub. Həmçinin, düşmən, Füzuli şəhərini və ətraf kəndlərini “Smerç” yaylım atəşli reaktiv sistemdən atəşə tutub.

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb: “Sentyabrın 27-dən noyabrın 3-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb. Həmçinin, 2488 yaşayış evi, 461 mülki obyekt və 97 çoxmərtəbili yaşayış binası yarasız vəziyyətə düşüb”.

Poliqon.az

CATEGORIES
TAGS