
Vətən müharibəsinin xronikası: döyüşlərin 40-cı günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 40-cı gününün xronikasını təqdim edir.
Noyabrın 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silah, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib. Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.
Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.
Noyabrın 5-i Ermənistan silahlı qüvvələrinin bölmələri Ağcabədi şəhərini və rayonun Qiyaməddinli kəndini; Tərtər şəhərini və rayonun Səhləabad kəndini; Ağdam şəhərini və rayonun Hacıturallı və Əfətli kəndlərini; Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələrini artilleriya qurğuları, minaatan və atıcı silahlardan fasilələrlə atəşə tutub.
Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb: “Sentyabrın 27-dən noyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb. Həmçinin, 2971 yaşayış evi, 100 çoxmərtəbili yaşayış binası və 502 mülki obyekt yarasız vəziyyətə düşüb.