Vətən müharibəsinin xronikası: döyüşlərin 44-cü günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 44-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 44-cü gününün xronikasını təqdim edir.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” hesabında işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər; Xocalının Şuşakənd, Muxtar, Daşaltı; Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq; Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi; Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər; Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad edib”.

Prezident İlham Əliyev rəsmi “Twitter” hesabındakı başqa bir paylaşımında işğaldan azad edilən aşağıdakı ərazilərin adlarını da açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli; Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq; Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx; Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik; Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik; Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib”.

Bununla noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub.

Noyabrın 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib. Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə Azərbaycan bölmələrinin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 ədəd tankı və 1 ədəd PDM-i zərbə PUA-ları ilə məhv edilib. Xocalı-Şuşa yolu ilə isə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.

Noyabrın 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və Azərbaycanın aviasiya vasitələrinə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) dəqiq atəş zərbəsilə məhv edilib.

Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin atəş mövqeyinə çıxarılan “Osa” ZRK Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsilə məhv edilib. Bundan əlavə, cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi dəqiq atəşlərlə məhv edilib.

Noyabrın 9-u Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz və Gədəbəy rayonlarını fasilələrlə atəşə tutub.

Poliqon.az

CATEGORIES
TAGS