Veteranlar təşkilatında müstəqilliyin bərpasının 30 illiyi qeyd edilib

Veteranlar təşkilatında müstəqilliyin bərpasının 30 illiyi qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətindən danışıb, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqın Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan öz dövlət müstəqilliyini 70 ildən sonra – yalnız 1991-ci il oktyabrın 18-də bərpa edib.

Müstəqilliyin möhkəmlənməsində, dövlətin hərbi, iqtisadi, siyasi və digər sahələrdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən Cəlil Xəlilov Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyi ilə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, Cümhuriyyət dönəmindən fərqli olaraq, xalq son 30 ildə dövlət müstəqilliyini nəinki qoruyub saxladı, Azərbaycanı regionun ən güclü dövlətinə çevirməyə nail oldu.

Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyini bildirən F.Əhmədova bütün bu təzyiqlərə tab gətirmək, milli maraqları qətiyyətlə müdafiə etmək üçün xalqın dövlət, dövlət başçının ətrafında sıx birləşməsinin önəmini qeyd edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri, professor Bəhram Zahidov bəzi qonşu dövlətlərin Azərbaycana təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, Vətən müharibəsində olduğu kimi, vətəndaşlar milli maraqların müdafiəsində ciddi fəallıq və ayıq-sayıqlıq nümayiş etdirməlidirlər.

1 1

3 1

Poliqon.az

CATEGORIES
TAGS