Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamın Hanoy şəhərində işgüzar səfərdədir.

Müdafiə Sənaesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, dekabrın 25-də V.Mustafayev Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər Abidəsi”ni, Prezident Ho Şi Minhin mavzoleyini, eləcə də Vyetnam Hərbi Tarix Muzeyindəki “Həmrəylik və Dostluq Abidəsi”ni ziyarət edib, abidələrin önünə əklil qoyulub.

Daha sonra V.Mustafayev Vyetnam Sosialist Respublikasının milli müdafiə naziri Phan Van Giang ilə görüşüb.

Görüş zamanı beynəlxalq sərgilərdə iştirakın ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb, elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və müdafiə sənayesi qurumları arasında münasibətlərin gücləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, elmi və texnoloji sahədə əlaqələrin inkişafının bilik və innovasiyaların paylaşılması baxımından mühüm əhəmiyyət daşıdığından bəhs edilərək, bu əməkdaşlığın qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

Sonda V.Mustafayev Vyetnamın dövlət müəssisələrində müdafiə sənayesi üzrə istehsal sahələri ilə tanışlıq üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığını bildirib, qarşı tərəfi gələn il Azərbaycanda təşkil ediləcək 6-cı ADEX Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Qeyd edək ki, səfər çərçivəsində V.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Vyetnamın Hərbi Sənaye Kompleksinin əsasını təşkil edən müdafiə sənayesi müəssisələrində istehsal imkanları ilə yerində tanış olacaqlar.

CATEGORIES