Vyetnam ilk katerini silahlanmaya qəbul edib
Vyetnam Hərbi Dəniz Qüvvələri ilk dəfə ölkədə istehsal edilmiş TT400TR layihəli HQ-272 artilleriya katerini silahlanmaya qəbul edib. “AzeriDefence” saytının məlumatına görə, 2011-ci ilin əvvəllərində başlamış sınaqların yekunu olaraq kater silahlanmaya yanvarın 16-da daxil edilib.
Vyetnamın “Hong Ha Shipbuilding Company” dövlət gəmiqayırma müəssisəsi bu kateri Rusiyanın “Almaz” Konstruktor Bürosunun 10412 layihəli “Svetlyak” katerinin bazasında hazırlayıb.
Kater üzərində işlərə 2006-cı ildə başlanıb və təməli 2009-cu ildə qoyulub. Uzunluğu 54,16 metr, eni 9,16 metr təşkil edən katerin sürəti 32 uzl, su tutumu 400 ton təşkil edir. Gəmi dənizdə 30 gün qala və 2500 mil məsafədə hərəkət edə bilir. Gəminin silahlanmasına əsasən Rusiya istehsalı olan silahlar daxildir.