X-61A “Gremlins” PUA-nın sınaqlarının dördüncü mərhələsi keçirilib

X-61A “Gremlins” PUA-nın sınaqlarının dördüncü mərhələsi keçirilib

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Layihələri Agentliyi (DARPA) “Gremlins” (Gremlins Air Vehicle – GAV) proqramının dördüncü mərhələsinin başa çatdığını elan edib.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Layihələri Agentliyinə istinadən xəbər verir.

Son sınaq uçuşları zamanı sınaq qrupu 24 saat ərzində X-61 “Gremlin” PUA-nın uğurlu hava “tutulmasını” təkrarlayıblar. PUA C-130 “Hercules” hərbi-nəqliyyat təyyarəsindən buraxılıb, onun tərəfindən “tutulub” və qısa texniki qulluqdan sonra hava buraxılışını təkrarlayıb.

“Gremlin” PUA-ları nəqliyyat və bombardmançı təyyarələri müdafiə edəcək, həmçinin kəşfiyyat aparacaq və ya qırıcılar üçün əlavə silahlar daşıyacaq. Hər bir PUA-nın gözlənilən xidmət müddəti 20 uçuşdur.

Yeni PUA-lar müstəqil şəkildə hədəfləri vura bilən, lakin çox bahalı olan ağıllı raketlərlə hədəfi vurmaq üçün çox yaxınlaşmalı olan təyyarələr arasında yer tutacaq. PUA hədəfi uğurla vuracaq, bu zaman daşıyıcı təyyarə ondan təhlükəsiz məsafədə olacaq.

Qeyd edək ki, layihə öz adını kökü ingilis folklorundan mifik məxluqa dayanan, 1920-ci illərdə ingilis pilotları və aviatexnikləri arasında geniş yayılmış, ilk dəfə mətbuatda 1929-cu ildə qeyd edilmiş, 18 aprel 1942-ci ildə “Royal Air Force Journal” jurnalında “qremlinlər fenomeni” məqaləsi ilə tarixə yazılmış və nəhayət, 1943-cü ildə ingilis yazıçısı Roald Dalın “Qremlinlər” povesti ilə əbədiləşdirilmiş uydurma canlıların – qremlinlərin şərəfinə alıbdır.

İkinci Dünya müharibəsindən bəri velosipedlərdən tutmuş kosmik gəmilərə qədər bütün texniki problemlər qremlinlərə aid edilirdi. Onlar texnologiyaya nifrət edir və ondan istifadə edən insanlara hər cür zərər verirlər.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında ABŞ-ın “Dynetics” şirkəti X-61A “Gremlin” perspektivli PUA-nın ilk uçuş sınaqlarını elan edib. Bu layihənin əsas vəzifəsi bir neçə PUA-nı müstəqil işləmək və ya operator komandalarını yerinə yetirmək imkanı ilə “sürüyə” birləşdirməkdir. 2019-cu ilin noyabrında həyata keçirilən ilk sınaq uçuşu qəza ilə başa çatıb, lakin sonradan bütün çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilərək sınaqlar yerinə yetirilib.

Əsas uçuş-texniki xassələri:

Modifikasiya – X61; aviadaşıyıcı (C-130 “Hercules”/“Super Hercules”, B-52 Stratofortress, B-1B Lancer); uzunluğu – 4270 mm; qanad açıqlığı – 3480 mm; hündürlüyü – 510 mm; maksimal uçuş kütləsi – 680 kq; yükün kütləsi – 66 kq; mühərrikin növü – bərk yanacaqlı raket mühərriki; dartqı qüvvəsi – 2x kqs; maksimal uçuş sürəti – 735 km/saat (0,8 Max); praktiki uçuş məsafəsi – 556 – 926 km; uçuş müddəti – 1 – 3 saat; maksimal buraxılış hündürlüyü – 12190 metr.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS