Xorvatiya Fransadan “Rafale” təyyarəsi alacaq
Fransa və Xorvatiya “Rafale” qırıcılarının alınması ilə bağlı razılaşmanı yekunlaşdırıb.
“Poliqon” “Dassault Aviation” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət Xorvatiya Müdafiə Nazirliyi ilə təyyarələrin tədarükü və texniki xidmət göstərilməsi üçün iki müqavilə imzaladığını açıqlayıb.
Bu ilin mayında başa çatan tenderin nəticələrinə əsasən, Xorvatiya Hərbi Hava Qüvvələri (HHQ) üçün F3-R son versiyasına qədər yenilənmiş 12 ədəd “Rafale” qırıcısının alınması planlaşdırılır. O zaman əməliyyatın dəyəri 1 milyard avro olaraq qiymətləndirilib. Bu məbləğə personal hazırlığı, ehtiyat hissələri və silahların daxil edilməsi planlaşdırılırıb.
“Dassault Aviation” şirkəti müqavilənin təfərrüatlarını və dəyərini açıqlamayıb. Eyni zamanda, Xorvatiya HHQ-nin 12 ədəd “Rafale” qırıcısı, üç il müddətinə tam logistik dəstək paketi, habelə pilotlar və yerüstü heyət üçün tam hazırlıq kursu alacağı bildirilir.
Xorvatiya HHQ üçüncü cəhddə qırıcı parkını yeniləyəcək. 2006-cı ildə Xorvatiya Müdafiə Nazirliyi qırıcıların alınması üçün tender elan edib, lakin iki ildən sonra maliyyə çatışmazlığı səbəbindən onu ləğv edib. 2018-ci ildə Xorvatiya yeni tender keçirib, onun qalibi İsrail HHQ-ndə istifadə edilən F-16 “Barak” qırıcıları seçilib. Bu sövdələşmə ABŞ-ın “İsrail avadanlığı olan təyyarələrin” ötürülməsinə razılıq verməməsi səbəbindən baş tutmayıb. Məlumdur ki, Xorvatiya HHQ-nin tərkibində müxtəlif (o cümlədən təlim-döyüş daxil olmaqla) modifikasiyalı, ondan bir qədər artıq döyüşə hazır MiQ-21 qırıcıları var.
Xatırladaq ki, “Rafale” 1980-ci illərdə “Dassault Aviation” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır. Qırıcının ilk uçuşu 1986-cı ildə baş tutub, 2004-cü ildə Fransa Hərbi Dəniz Qüvvələrində, iki il sonra isə Fransa HHQ-də silahlanmaya daxil olub. 2017-ci ildə Fransa Müdafiə Nazirliyi “Rafale” F4 modifikasiyası üçün inkişaf proqramını rəsmən təsdiqləyib.
Əhəd Əzizov