Xorvatiya HHQ aviasiya parkını “Rafale” qırıcıları ilə gücləndirib

Xorvatiya HHQ aviasiya parkını “Rafale” qırıcıları ilə gücləndirib

Fransanın “Dassault Aviation” şirkəti Xorvatiya Hərbi Hava Qüvvələrinə (HHQ) 6 ədəd “Rafale” qırıcısı təhvil verib.

“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, qırıcılar Xorvatiya HHQ-nin Zaqreb şəhəri yaxınlığındakı 91-ci əməliyyat bazasına gətirilib və burada Xorvatiya prezidenti Zoran Milanoviç, Baş nazir Andrey Plenkoviç və müdafiə naziri İvan Anuşiçin iştirakı ilə təhvilalma mərasimi keçirilib.

Bildirilib ki, yeni “Rafale” qırıcıları Xorvatiya Hərbi Hava Qüvvələrinin 191-ci eskadronunda xidmət göstərəcək.

Xatırladaq ki, 2021-ci ildə Xorvatiya və Fransa arasında 12 ədəd ikinci əl “Rafale” döyüş təyyarəsinin, raketlərin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir və texniki xidmətin göstərilməsi üçün dəyəri 1 milyard avrodan çox olan müqavilə bağlanıb. Müqavilə üzrə “Dassault Aviation” şirkəti tərəfindən təmir və texniki qulluq göstərilən “Rafale” qırıcılarının ilk 6 ədədi artıq Xorvatiya HHQ-yə çatdırılıb. Digər 6 ədəd “Rafale” qırıcısı isə partiyalar şəklində 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində Xorvatiya HHQ-yə təhvil veriləcək.

CATEGORIES
TAGS