Yasin Arslan: MEMATT ölkəyə gətirildikdən sonra qısa müddət ərzində Azərbaycan Ordusunun şəxsi heyətinə təlimlər keçirildi

Yasin Arslan: MEMATT ölkəyə gətirildikdən sonra qısa müddət ərzində Azərbaycan Ordusunun şəxsi heyətinə təlimlər keçirildi

Razılaşmanın əldə edildiyi gündən indiyədək ötən bir il yarım müddət ərzində ümumilikdə 20 ədəd MEMATT Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bunu ASFAT şirkətinin Quru və Hava Layihələri üzrə Biznesin İnkişafı Meneceri Yasin Arslan deyib.

O bildirib ki, hazırda MEMATT mexaniki minatəmizləmə maşınlarından Füzuli, Ağdam və digər bölgələrdə istifadə olunur.

Yasin Arslan MEMATT-ların ölkəyə gətirilməsindən sonra qısa müddət ərzində Azərbaycan Ordusunun şəxsi heyətinə təlimlərin keçirildiyini qeyd edib: “Həmin təlimlərin nəticəsidir ki, onlar bu ərazilərdə minatəmizləmə işlərini təhlükəsiz, sürətli və uğurlu şəkildə davam etdirirlər”.

Şirkətin nümayəndəsi düşünür ki, dost və qardaş Azərbaycanda işğaldan azad edilən ərazilərin tez bir zamanda ictimaiyyətə, kənd təsərrüfatına və infrastruktur obyektlərinə açıla bilməsi üçün MEMATT böyük dəstək verir.

“Digər vasitələr ilə müqayisə etsək, ilk növbədə, bu platformalar yüngül, orta və ağır olmaqla üç sinifə ayırılır. MEMATT ağır və orta sinfə aid edilə bilən platformadır. Ağır və orta dedikdə, həm texnikanın çəkisi, həm də partlayışa davamlı olduğu minaların səviyyəsi ilə bağlı təsnifatı nəzərdə tuturuq. Təxminən 13 kiloqram TNT-yə tab gətirə bilir. Ərazidəki əldəqayırma partlaycıları (ƏQP), tank və piyada əleyinə minaları çox tez formada partlada bilir”, – deyə Yasin Arslan bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları modulyar dizayna sahibdir. MEMATT maşınlarına müxtəlif trallar və mexanizmlər inteqrasiya oluna bilir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500-5000 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.

4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili yerlərdə hərəkət edə bilir. 1700 mm genişliyində və 250 mm dərinliyində təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 13 kq TNT partlayışına qarşı dözümlüdür.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrin inventarında olan 20 ədəd MEMATT-dan 13 ədədi daha üstün imkanlara sahib təkmilləşdirilmiş versiyadır. Əvvəlki MEMATT-lar 500 metrdən idarə edildiyi halda, təkmilləşdirilmiş modeli 5 min metr məsafədən idarə etmək mümkündür. Bundan əlavə, texnikanın minatəmizləmə qabiliyyəti daha da artırılıb, mühərrik həcmi və gücü yüksəldilib, kamera sayı çoxaldılıb.

Poliqon.az

CATEGORIES
TAGS