Yeni JLTV zirehli maşınları Şimali Makedoniya Ordusunun inventarına daxil edilib

Yeni JLTV zirehli maşınları Şimali Makedoniya Ordusunun inventarına daxil edilib

ABŞ istehsalı olan 29 ədəd yeni JLTV zirehli maşınları Şimali Makedoniya Ordusunun inventarına daxil edilib.

“Poliqon” Şimali Makedoniya Müdafiə Nazirliyinə istindən xəbər verir ki, bununla bağlı Şimali Makedoniyanın Baş naziri Hristiyan Mickoski, müdafiə naziri Vlado Misajlovski, Baş Qərargah rəisi general-mayor Saşko Lafçiski və ABŞ səfiri Angela Aqqelerin iştirakı ilə ölkənin Ştip şəhərində yerləşən “Jane Sandanski” hərbi hissəsində mərasim keçirilib.

Mərasimdə qeyd edilib ki, son çatdırılma ilə birlikdə Şimali Makedoniya Ordusunun istifadəsində olan JLTV maşınlarının sayı 67 ədədə çatıb.

“Ordunun müdafiə imkanları və qabiliyyətləri artırılır və ABŞ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən modernləşmə proqramları sayəsində yüngül zirehli maşınların sayı demək olar ki, ikiqat artıb. Dövlətlərarası müqavilə çərçivəsində alınmış 29 yeni zirehli maşın artıq ordunun tərkibindədir. Bu yeni çatdırılma ilə biz tələb olunan say göstəricisinə yaxınlaşırıq. Bundan əlavə, yaxın zamanda ABŞ istehsalı olan STRYKER zirehli maşınlarının da çatdırılmasını gözləyirik”, – deyə müdafiə naziri Vlado Misajlovski bildirib.

Nazirin sözlərinə görə, ABŞ-la yeddi yeni müqavilə də imzalanıb. Hazırda icra olunan bu layihələr Xüsusi Təyinatlı Qüvvələr üçün avadanlıqların alınmasını, PUA sistemlərinin tədarükünü, kibermüdafiə avadanlığının, yüngül piyada silahlarının, fərdi mühafizə vasitələrinin və birgə atəşi idarəetmə dəstlərinin alınmasını əhatə edir.

CATEGORIES