Yunanıstan ABŞ-dan “Guardian” zirehli maşınları alıb

Yunanıstan Ordusu ABŞ-da işlənmiş zirehli maşınlarla silahlanmağa başlayıb.
“Poliqon” xəbər verir ki, sifariş olunmuş 1200 ədəd zirehli transportyorların ilk partiyası ABŞ-dan Yunanıstana gətirilib.
2019-cu ildə ABŞ və Yunanıstan işlənmiş 1200 ədəd 4×4 təkər formullu M1117 ASV “Guardian” zirehli maşının ABŞ Ordusunun ehtiyatlarından yunan ordusuna ötürülməsi ilə bağlı razılığa gəliblər. Zirehli maşınlar pulsuz verilir, lakin bu cür prosedurlarda adət olduğu kimi, qəbul edən tərəf konservasiyadan çıxarılma, texniki qulluq, daşınma və personal hazırlığı üçün ödəniş edir.
Beləliklə, Yunanıstana M1117 ASV “Guardian” zirehli maşınları silahlar nəzərə alınmadan, bir vahid üçün 70.000 avroya başa gəlib. Bu maşınları ABŞ Ordusu vahid başına 800.000 ABŞ dollarına aldığından Yunanıstan Ordusu üçün qənaət əhəmiyyətli hesab edilir.
М1117 ASV “Guardian” zirehli maşınları “Textron Marine & Land Systems” şirkəti tərəfindən bir neçə modifikasiyada istehsal edilib. Zirehli transportyor versiyasında avtomobil heyət daxil olmaqla 10 nəfəri yerləşdirə bilir. Onun boş çəkisi 14,4 tondur və 8,6 litrlik mühərrik onu 100 km/saata qədər sürətləndirir. M1117 standart olaraq dairəvi görmə sistemi və kondisionerlə təchiz olunur.
Xatırladaq ki, Yunanıstan həmçinin tezliklə ABŞ Ordu ehtiyatlarından işlənmiş “Bradley” M2A2 piyada döyüş maşınları almalıdır.
Əhəd Əzizov




