Yunanıstan Azərbaycan və Türkiyənin HAKİM HKİS layihəsindən narahatdır – ANALİZ

Yunanıstan Azərbaycan və Türkiyənin HAKİM HKİS layihəsindən narahatdır – ANALİZ

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə ən kritik layihələrindən biri olan HAKİM Hava Komanda İdarəetmə Sistemi (HKİS) layihəsi Yunanıstanı narahat edir.

Xəbər verdiyimiz ki, layihənin detallarını ilk dəfə POLİQON jurnalına müsahibəsində ASELSAN şirkətinin sabiq İdarə Heyətinin sədri və baş direktoru (hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı) Prof. Dr. Haluk Görgün açıqlamışdı. Daha sonra cari ilin iyun ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hərbi Hava Qüvvələrinin (HHQ) yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etdilər.

Bütün bunlardan sonra Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi HAKİM Hava Komanda İdarəetmə Sistemi layihəsi bir sıra ölkələrdə, xüsusən, Yunanıstan və Ermənistanda böyük narahatlıqla qarşılandı. Artıq üstündən müəyyən müddət keçməsinə baxmayaraq bu mövzu hələ də Yunanıstan KİV-lərinin gündəmində qalmaqda və onları narahat etməkdədir.

ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən HAKİM Hava Komanda İdarəetmə Sistemi nədir?

HAKİM HKİS, fərqli tip və qabiliyyətə malik sensorlardan aldığı məlumatları qiymətləndirərək “Müəyyənlənmiş Hava Görüntüsü” yaradan, sahib olduğu təhlükənin qiymətləndirilməsi və ov/silah alqoritmlərinin vasitəsilə Silah Sistemləri və Qırıcı Təyyarələr üzərindən Hava Missiyasını İdarəetmə fəaliyyətini həyata keçirən, real vaxt rejmində qərara dəstək funksiyaları ilə taktiki və əməliyyat səviyyəsində Hava Məkanına Nəzarət fəaliyyətlərini yerinə yetirmək imkanı verən hava komanda idarəetmə sistemidir.

HakIm 1Hərbi Hava Qüvvələrinin bütün qərar dəstək elementləri ilə C4ISR (Command, Control, Communications, Computers (C4) Intelligence, Surveillance and Reconnaissance (ISR)) proseslərinə inteqrasiya edilən HAKİM, özünəməxsus yerli və milli alqoritmləri sayəsində bütün ünsürlərin bir-biri ilə uyğun formada və səmərəli şəkildə fəaliyyət göstərməsini təmin edir.

Bu sistem, müxtəlif növ sensorlardan aldığı məlumatları qabaqcıl “fusion” (füzyon) alqoritmləri ilə emal edir, hava mənzərəsi ilə bağlı operatorlara diaqnostik variantlar təklif edir və müəyyənlənmiş hava şəklini yaradır.

Daha sonra müəyyənlənmiş hava şəklindəki təhlükələrə qarşı qabaqcıl səviyyə təhdid qiymətləndirmə və silah bölgüsü alqoritmlərindən istifadə edərək döyüş təyyarələri, pilotsuz uçuş aparatları, “səth-hava” tipli raketlər və lüləli silah sistemləri ilə hava məkanı idarəetmə missiyasının effektiv icrası üçün lazımi qərar dəstək elementlərini təmin edir.
Sistemin əsas üstünlüklərindən biri modul və genişləndirilə bilən arxitekturası sayəsində hazırda inventarda olan və gələcəkdə inventarda yer alması planlaşdırılan sistemlərlə tamamilə uyğun formada işləmək qabiliyyətinə sahib olmasıdır.

HAKİM Hava Komanda İdarəetmə Sisteminin istifadəçiyə verdiyi imkanlar:

  • Şəbəkə Dəstəkli Sensor İdarəetmə imkanı;
  • Sensor məlumatlarının idarə edilməsi;
  • Plot Fusion və Trace Correlation alqoritmləri;
  • Müəyyən edilmiş hava şəklinin yaradılması;
  • ATO/ACO/Uçuş Planı/Kəşfiyyat Əsaslı Diaqnoz;
  • Prosessual Hava Məkanı və Hava Hərəkətinə Nəzarət imkanı;
  • Təhlükənin Qiymətləndirilməsi və Ov/Silah Bölgüsü alqoritmləri;
  • İnteqrasiya edilmiş Silah Kilidlənmə qabiliyyəti (hava məkanını pozan təhidlə mübarizə üçün seçilən silah sisteminin məhv edəcəyi hədəfə kilidlənməsi) və Şəbəkə Yardımlı Silah İdarəetməsi;
  • Hava-Hava və Quru-Hava qarşısınıalma həndəsəsinin yaradılması (hədəfi məhv etmək üçün seçilən silah sisteminin hərəkət marşrutunun cızılması);
  • Döyüş Təyyarələrinin Müsbət və Prosedural Uçuş İdarəsi;
  • Xarici sistemlərlə inteqrasiya (digər Əməliyyat Mərkəzləri, dəniz, hava və quru elementləri).

HAKİM HKİS Azərbaycan və Türkiyəyə hansı üstülükləri təmin edir?

Haluk Görgünün də bildirdiyi kimi, bu layihə ilə həm Azərbaycanın hava məkanına nəzarət təmin ediləcək, həm də Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar aparmaq imkanına malik olacaq. Elə bu səbəbəndir ki, adı çəkilən layihənin şüarı da Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdırılaraq “İki dövlət, tək millət və tək hava məkanı” formasında qoyulub.

Azərbaycan və Türkiyə HHQ-nin bu layihəsi tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər genişlənəcək. Bununla da iki ölkənin Hərbi Hava Qüvvələri vahid formada hərəkət edə biləcək.

Yəni, ehtiyacın yarandığı təqdirdə Azərbaycan HHQ-nin aviasiya parkında və hava hücumundan müdafiə sistemlərində yer alan platformalar qardaş Türkiyənin hava məkanının mühafizə edilməsində istifadə oluna biləcək. Bu isə Yunanıstanı qorxuya salan əsas məsələlərdən biridir. Çünki Yunanıstanın Türkiyə ilə baş verə biləcək istənilən qarşı durmasında Azərbaycan həm arxa cəbhə rolunu oynayacaq, həm də bütün imkanları ilə qardaş ölkənin yanında yer alacaq.

Azərbaycan HHQ-nin aviasiya parkındakı döyüş təyyarələri və inventarındakı HHM sistemləri xüsusi vurğlanmalıdır. Ona görə ki, Yunanıstan uzun illərdir NATO tipli qırıcılardan istifadə etdiyindən və hava məkanında daha çox Türkiyə ilə mübarizə apardığından (burada Türkiyə və Yunanıstan Hərbi Hava Qüvvələri arasında tez-tez Egey və Aralıq dənizləri üzərində baş tutan “dog fight” (it dalaşı) nəzərdə tutulur) SSRİ standartlı (indiki Rusiya) qırıcılara qarşı döyüş təcrübəsi olduqca azdır. Doğrudur həm ölkə daxili, həm də birgə həyata keçirilən NATO təlimlərində Su və MiQ seriyalı qırıcılara qarşı kifayət qədər simulyasiyalar edilsə də, döyüş anının gətirdiyi reallıq, əldə olan məlumatlar və pilotların anlıq reaksiyası təlim ilə fərqlənir.

Azərbaycan HHQ-nin döyüş pilotlarının Vətən müharibəsi zamanı qazandığı zəngin döyüş təcrübəsi, eləcə də onların uçurduğu Su-25 qırıcılarının Türkiyə şirkətləri tərəfindən modernizasiya edilərək, qardaş ölkə istehsalı olan raket və aviasiya bombaları ilə təchiz olunması Yunanıstanı ciddi narahat edir.

Poliqon.az

CATEGORIES
TAGS