Zakir Həsənov: Vətən müharibəsində istifadə olunan ASELSAN avadanlıqları yüksək keyfiyyətə malikdir
Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqlar yüksək keyfiyyətə malikdir.
“Poliqon”un məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin baş direktoru Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunların texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunların gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.