155 mm çaplı 2S22 “Boqdana” ÖAQ-ın atəş sınaqları başa çatıb

155 mm çaplı 2S22 “Boqdana” ÖAQ-ın atəş sınaqları başa çatıb

Ukrayna hərbi-sənaye kompleksi təkərli özüyeriyən artilleriya qurğusunun (ÖAQ) yaradılmasına doğru irəliləməkdə davam edir. Belə ki, 155 mm-lik “Boqdana” ÖAQ-ın ilkin atəş sınaqları uğurla başa çatıb.

“Poliqon” “Defense Express” portalına istinadən xəbər verir ki, atışlar ötən ilin dekabr ayında keçirilib və bu ay başa çatdırılıb (həmçinin bax: “Boqdana” ÖAQ 40 km-ə atəş aparacaq 2S22 “Boqdana” ÖAQ-ın zavod sınaqlarının atəş mərhələsi tamamlanıb).

Ümumilikdə 42 km-ə qədər məsafəyə 450 atəş aparılıb. Beləliklə, 2S22 “Boqdana” ÖAQ aktiv-reaktiv mərmilərdən istifadə etmədən istehsalçının təyin etdiyi 40 km-lik maksimal atəş məsafəsini ötüb. Təsdiq edilmiş layihəyə görə isə, ÖAQ adi atəş yığımı ilə 40 km-ə qədər və aktiv-reaktiv atəş yığımı ilə 60 km-ə qədər məsafəyə atışı təmin etməlidir.

Nəşrin məlumatında bildirilir ki, sınaqlarda Türkiyə və Çex istehsalı 155 mm-lik atəş yığımlarından, o cümlədən “Excalibur Army” şirkətinin təkmilləşdirilmiş aerodinamikaya malik uzun mənzilli və aparıcı kəmərli HE ERFB-BB mərmili atəş yığımlarından istifadə edilib. Nazirlik sınaqları çərçivəsində ilkin atəş sınaqları keçirilib və bu, 2S22 “Boqdana” ÖAQ-ın bu il Ukrayna Ordusunun silahlanmasına daxil edilməsinə imkan verir.

2S22 “Boqdana” ÖAQ-ın 155 mm çaplı haubitsası NATO standartına malikdir. Proqressiv yivli 155 mm-lik haubitsanın lüləsi “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nda istehsal edilib. Avtomatik doldurucudan istifadə edərkən, haubitsa dəqiqədə altı mərmi sürəti ilə atəş apara bilir. Bu zaman, bütün idarəetmə xüsusi rəqəmsal atəşi idarəetmə sistemi vasitəsilə həyata keçirilir. “Boqdana” ÖAQ 6×6 təkər formullu KrAZ-63221 yüksək keçidlik qabiliyyətinə malik yolsuzluq avtomobili bazasında qurulmuşdur. Yük maşını sürücü və artilleriya heyətini yerləşdirən qoşalaşdırılmış zirehli kabina ilə təchiz olunub. Eyni zamanda, şassinin növbəti dəyişdirilməsi mümkündür.

Qeyd edək ki, 155 mm çaplı 2S22 “Boqdana” ÖAQ Ukrayna Müdafiə Nazirliyi və “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nun birgə qərarı əsasında 2016-cı ilin fevral ayından etibarən “Dövlət müdafiə sifarişi”nin sınaq-konstruktor işləri çərçivəsində hazırlanır.

Burada xatırlatmaq lazımdır ki, Ukrayna Müdafiə Nazirliyi ümumilikdə 40,3 milyon ABŞ dollarına alınan və Çexiyanın “Excalibur Army” şirkətinin istehsalı olan 26 ədəd 152 mm-lik “Dana-M2” ÖAQ-ın yaxın gələcəkdə artilleriya briqadalarının silahlanmasına daxil olacaq yerli 155 mm-lik 2S22 “Boqdana” ÖAQ-a rəqib olmadığını dəfələrlə vurğulayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS