2026-cı ildə keçiriləcək WDS sərgisi üçün yerlərin 50 faizi artıq satılıb
2026-cı ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək 3-cü “World Defense Show” (WDS) beynəlxalq müdafiə sərgisinə maraq böyükdür.
“Poliqon” sərginin təşkilat komitəsinə istinadən xəbər verir ki, WDS-2026 sərgisinin keçirilməsinə hələ 20 ay müddətin qalmasına baxmayaraq, artıq iştirakçılar üçün nəzərdə tutulan yerlərin 50 faizi satılıb.
Bildirilib ki, bu il 773 iştirakçının qatılımı ilə baş tutan 2-ci “World Defense Show 2024”də bütün yerlər sərginin keçirilməsinə 6 ay qalmış satılıb qurtarmışdı. Təşkilatçılar 2026-cı ildə keçiriləcək WDS ilə bağlı yerlərin daha sürətlə satılmasını, o cümlədən iştirakçıların, ziyarətçilərin və nümayəndə heyətlərinin sərgiyə daha çox tələbat göstərməsini proqnozlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə keçirilən “World Defense Show” sərgisinə dünyanın 76 ölkəsindən 773 çox şirkət qatılaraq, öz məhsullarını ziyarətçilərə, hərbi mütəxəssislərə və rəsmi nümayəndə heyətlərinə nümayiş etdirib. 5 gün davam edən WDS-2024 sərgisi 116 ölkədən 441-dən çox rəsmi nümayəndə heyətinə və 106 min ziyarətçiyə qapılarını açıb. Yaxın Şərq regionunun qabaqcıl müdafiə sərgilərindən biri olmağı qarşısına məqsəd qoyan “World Defense Show 2024”də bir sıra əməkdaşlıq memorandumları, sövdələşmələr və ümumi dəyəri 26 milyard SAR (6.9 milyard ABŞ dolları) olan alqı-satqı müqavilələri imzalanıb.