DənizXəbərlər

3700 km mənzilə malik HADALUS sualtı İDA-nın imkanları nümayiş olunub

ABŞ-ın “Raytheon” və “Composite Energy Technologies” (CET) şirkətləri tərəfindən birgə hazırlanmış HADALUS sualtı insansız dəniz aparatının (İDA) imkanları nümayiş etdirilib.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaxın vaxtlarda keçirdiyi təlim zamanı HADALUS sualtı sınaq poliqonunda bir sıra missiyaları yerinə yetirib.

Sınaqlar zamanı aparat su altında olarkən buraxılma imkanlarını uğurla nümayiş etdirib.

HADALUS 34 fut (təxminən 10,4 metr) uzunluğa və 6 fut (təxminən 1,8 metr) diametrə malikdir. Aparatın fəaliyyət məsafəsi 2000 dəniz milindən (təxminən 3700 km) çoxdur.

Tam karbon lifindən hazırlanmış gövdə aparata yüksək möhkəmlik və daha çox faydalı yük daşımaq imkanı verir. Bu konstruksiya, həmçinin İDA-nın daha aşağı qiymətə istehsalına şərait yaradır.

HADALUS-un analoji uzunmüddətli fəaliyyət imkanlarına malik sualtı aparatlarla müqayisədə daha aşağı qiymətə başa gəlməsi nəzərdə tutulur. Bu isə onun sualtı imkanların daha geniş miqyasda və sərfəli şəkildə tətbiqinə imkan verə bilər.

“Raytheon” və CET 18 aydan az müddətdə konseptual layihədən tammiqyaslı prototipin hazırlanmasına və onun suda uğurlu sınaqdan keçirilməsinə nail olublar. Şirkətlərin məlumatına görə, bu nəticə aparatın layihələndirilməsi və hazırlanmasına, buraxıcı qurğunun, sonar və elektron sistemlərin inteqrasiyasına, həmçinin təlimdən əvvəl tam sistem sınaqlarının keçirilməsinə yatırılan investisiyalar hesabına əldə edilib.

Back to top button