LGK-81 tuşlama dəsti “Hürkuş” təlim-döyüş təyyarəsinə inteqrasiya olunub

LGK-81 tuşlama dəsti “Hürkuş” təlim-döyüş təyyarəsinə inteqrasiya olunub

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan LGK-81 tuşlama dəsti TUSAŞ şirkətinin “Hürkuş” təlim-döyüş təyyarəsinə inteqrasiya edilib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, “Hürkuş” təyyarəsinə inteqrasiya edilən LGK-81 tuşlama dəstinin atış sınağı uğurla tamamlanıb.

ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu yeni dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən avadanlıqdır.

LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir.

Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. Fəaliyyət məsafəsi 12 km, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15O təşkil edir.

Qeyd edək ki, hazırda LGK lazer tuşlama dəsti ilə təchiz edilən aviasiya bombaları Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasında da yer almaqdadır.

 

CATEGORIES
TAGS