BAHA pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

BAHA pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

HAVELSAN şirkətinin inkişaf etdirdiyi BAHA (Bulut Altı İnsansız Hava Aracı) Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə “Poliqon” HAVELSAN şirkətinə istinadən xəbər verib.

Qeyd edək ki, HAVELSAN mütəxəssisləri tərəfindən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA pilotsuz uçuş aparatı (PUA) tam avtonom missiya qabiliyyəti, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir.

Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olan sabit qanadlı BAHA PUA döyüş meydanının çətin şərtlərinə tab gətirmək qabiliyyətinə malikdir. Buludaltı avtonom PUA sistemi şaquli uçuşda və enişdə elektrik mühərriklərindən, üfüqi uçuş üçün elektrik/benzin mühərrikindən istifadə edir. Şaquli qalxma xüsusiyyəti ilə sistem uçuş-enmə zolağına ehtiyac olmadan istənilən ərazidən qalxa bilir. Orta sinif birinci səviyyəli pilotsuz uçuş vasitəsi hesab edilən BAHA-nın sərhəd bölgələrində istifadə edilməsi hədəflənir.

BAHA PUA-nın kütləsi 30 kq-dır. PUA 10.000 futa qədər hündürlükdə missiyaları yerinə yetirə bilir. Benzin mühərriki ilə 6 saata (elektrik konfiqurasiyası ilə 2 saata) qədər havada qala bilən PUA 50 km-ə qədər uçuş məsafəsi təklif edir. Bundan əlavə, BAHA 5 kq ağırlığında faydalı yükgötürmə qabiliyyətinə malikdir. PUA-nın qanadlarının uzunluğu 3,7 metrdir. Uçuş aparatı iki nəfər tərəfindən asanlıqla quraşdırılır və idarə edilir. Tək operator tərəfindən də istifadə oluna bilir. Bir neçə dəqiqə ərzində missiyaya hazırlanır. HAVELSAN tərəfindən hazırlanan proqram təminatı sayəsində BAHA həm yerdə, həm də havada pilotsuz sistemlərlə birgə tapşırıqlar yerinə yetirə bilir.

Yüksək səviyyəli avtopilot sistemi ilə təchiz edilmiş BAHA məlumat bağlantısı itkisi kimi fövqəladə hallarda avtomatik olaraq qalxma nöqtəsinə qayıdır. Sistem günün vaxtından asılı olmayaraq kəşfiyyat, müşahidə və incələmə (ISR) tapşırıqlarını yerinə yetirir. BAHA ilə müxtəlif missiyaların sürətli həyata keçirilməsi mümkündür. İzləmə, aşkarlama və ərazinin mühafizəsi, kəşfiyyat, elektron müharibə, sahil və sərhəd təhlükəsizliyi, o cümlədən enerji ötürməsi və neft-qaz xəttlərinin monitorinqi, qaçaqmalçılıq və terrorla mübarizə BAHA-nın yerinə yetirə biləcəyi vəzifələrdir. BAHA avtonom rejim də daxil olmaqla buludlu havada vəzifələri yerinə yetirir və sürü alqoritmi bir dəstədə eyni anda bir neçə PUA istifadə etməyə imkan verir.

CATEGORIES
TAGS