Pakistan HHQ-nin “Bayraktar TB2”ləri BARQ raketi ilə silahlandırılıb
Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) BARQ raketi ilə silahlandırılıb.
“Poliqon” xəbər verir ki, bu, Pakistan HHQ-nin yaydığı videogörüntüdə öz əksini tapıb.
Videogörüntüdə “Bayraktar TB2” PUA Türkiyənin “Roketsan” şirkətinin MAM-L mini ağıllı sursatı və Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) şirkətinin BARQ raketi ilə birlikdə təqdim olunub. Bununla da ilk dəfə “Bayraktar TB2” PUA-ya xarici istehsal olan raket inteqrasiya edilib.
Bundan başqa, Pakistan HHQ-nin “Akıncı” PUA-larına da yerli istehsal tuşlama dəstləri ilə təchiz edilmiş aviasiya bombaları inteqrasiya inteqrasiya olunub.
GIDS şirkəti tərəfindən inkişaf etdirilən BARQ lazerlə idarə olunan “hava-yer” tipli raketdir. O, düşmənin şəxsi heyətini, yüngül və zirehli texnikasını, habelə bunker və digər obyektlərini yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub. Yarı aktiv lazer arayıcı başlığı və qabaqcıl naviqasiya texnologiyaları BARQ-a həm hərəkətli, həm də sabit hədəfləri dəqiq şəkildə vurmağa imkan verir. Raketin mənzili 8 kilometr və kütləsi 45 kiloqramdır.