ADS sualtı avtomatı modernləşdirilir

ADS sualtı avtomatı modernləşdirilir

Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə daxil olan “İdman və Ov Silahlarının Mərkəzi Konstruktor-Tədqiqat Bürosu”nun (TsKIB SOO) mütəxəssisləri su altında atəş açmaq qabiliyyətinə malik ikili mühitli ADS avtomatını modernləşdirəcəklər.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, modernləşdirmə nəticəsində avtomatın detal və qovşaqlarının istehsal prosesləri texnoloji cəhətdən daha təkmilləşəcək və daha az əmək tutumlu olacaq, habelə ADS daha az çəkili yeni konstruksiyaya malik səsboğucu alacaq.

Döyüş üzgüçüləri üçün nəzərdə tutulmuş ADS (Avtomat Dvuxsrednıy Spesialnıy) avtomatı quruda adi 5,45×39 mm-lik patronlarla, su altında isə xüsusi PSP və PSP-UD patronları ilə atəş açmağa imkan verir.  “Bull-pup” sxeminə uyğun qurulan avtomatda standart AK-74 patron maqazinlərindən istifadə edilir.

ADS, həmçinin standart lüləaltı qumbaraatan və müxtəlif nişangahları birləşdirmək üçün tamasalarla təchiz edilir.

ADS “bull-pup” sxeminə uyğun olaraq hazırlanmış, Rusiya Hərbi Dəniz Qüvvələrinin xüsusi bölmələrində APS və AK74M avtomatlarınl əvəz etmək üçün təyin edilmiş Rusiya atıcı-qumbaraatan kompleksidir.

Avtomat qazötürmə mexanizminin iş rejimini çevirmək üçün “su/hava” rejim açarı ilə, həmçinin inteqrasiya olunmuş 40 mm-lik lüləaltı qumbaraatan və bütün növ nişangahlar üçün kombinələşdirilmiş tamasalarla təchiz edilib.

Lüləyə aşağı səs-küylü atəş cihazı (səsboğucu) və ya boş patronlarla atəş aparılması üçün tərtibat (tıxac) quraşdırıla bilər. A-91 avtomatında olduğu kimi, patron gilizləri həm sağ əllə (onaxay), həm də sol əllə (solaxay) atış aparanlar üçün avtomatdan düzgün atəş açmağı təmin edən xüsusi irəli kanaldan istifadə edərək çıxarılır (ekstraksiya edilir).

ADS müvafiq olaraq havada və su altında atəşin topluluğu baxımından AK74M və APS avtomatlarından üstündür.

Xatırladaq ki, son vaxtlara qədər ADS avtomatı məxfi idi və ictimaiyyətə nümayiş etdirilməsi qəti qadağan olunmuşdu. Amfibiya avtomatının ilk nümunələri ASM-DT “Dəniz Aslanı” avtomatının əsasında yaradılmış, su altında atəş açmaq üçün iynəşəkilli güllələri olan xüsusi döyüş sursatlarından və standart 5,45×39 mm-lik patronlardan istifadə edilmişdir. Tula “Cihazqayırma Konstruktor Bürosu”nda ölçüsünə görə adi 5.45×39 mm-lik patronla eyni olan yeni PSP patronunu hazırladıqdan sonra bu dəfə A-91 avtomatı əsasında ADS avtomatının yeni versiyası yaradılmışdır.

2007-ci ildə konstruksiyanın inkişafı tamamlanmış, lakin növbəti beş il ərzində onun sınaqları və təkmilləşdirilməsi davam etmişdir. Avtomat ilk dəfə MVMS 2013 salonunda KBP stendində nümayiş etdirilmişdir.

Əsas xassələri:

– kütləsi – 4,6 kq (qumbaraatanla birlikdə)

– uzunluğu – 660 mm

– lüləsinin uzunluğu – 415 mm

– tətbiq olunan patron – 5,45×39 mm (sualtı atış üçün PSP və PSP-U, 7Н6, havada atış üçün 7N10 və 7N22)

– inteqrasiya olunan silah – qumbaraatan

– tətbiq olunan atəş yığımı – VOQ-25 (qumbaraatan)

– çapı – 5,45 mm (avtomat), 40 mm (qumbaraatan)

– avtomatın işləmə prinsipi – barıt qazlarının çıxarılması, dönən çaxmaq

– avtomatın atəş tezliyi – 600-800 atəş/dəqiqə

– güllənin başlanğıc sürəti – 900 m/san (7N6), 333 m/san (PSP), 430 m/san (PSP-U)

– nişangah məsafəsi – 600 m (quruda), 25 m (suda), 400 m (qumbaraatan)

– suda maksimal atəş məsafəsi – 25 m (5 m dərinlikdə) və 18 m (20 m dərinlikdə)

– qidalanma növü – 30 patronluq sektorlu maqazin

– nişangah – dioptrik, qumbaraatan üçün qatlanan, müxtəlif nişangahları quraşdırmaq üçün tamasa var

Əhəd Vahidoğlu

CATEGORIES