Çexiyada PKM pulemyotu əsasında yeni silah yaradılıb

Çexiyada PKM pulemyotu əsasında yeni silah yaradılıb

Çexiyanın “FK Brno” şirkəti güclü “.338 Norma Maqnum” çaplı modernləşdirilmiş “Kalaşnikov” BKS 338 orta pulemyotunu təqdim edib.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, Parisdə keçirilən “Eurosatory-2024” beynəlxalq müdafiə sərgisində Silahlı Qüvvələrin və xüsusi təyinatlı bölmələrin ehtiyacları üçün 8,6×63 mm (“.338 Norma Magnum”) çaplı yüksək enerjili patrondan istifadə edən sovet istehsalı PKM pulemyotunun konsepti təqdim edilib.

Başlanğıc sürəti 830 m/s olan güclü döyüş sursatının seçilməsi sabit trayektoriya və uzun məsafələrdə zirehin effektiv dəlinməsini təmin edir. BKS 338 pulemyotunun atış məsafəsi, 1000 metrlik baza PKM pulemyotu ilə müqayisədə, rekord 1700 metrə yüksəlmişdir. Bu məsafəyə uçuş müddəti ərzində atılan güllə səsdən iti sürətini qoruyur. Bununla belə, pulemyot təkcə orta məsafələrdə effektli deyil. Onun maksimal məsafəsi 6500 metrə çatır.

Şirkət nümayəndələri vurğulayıblar ki, pulemyotdan atılan zirehdələn güllə 600 metr məsafədə 12 millimetr qalınlığındakı polad zirehləri (500Hb) və 1000 metr məsafədə 4-cü sinif (NIJ Standard) ballistik lövhələrini dələ bilir.

BKS 338 pulemyotunun başqa bir güclü tərəfi dəqiqədə 550 atışa çatan atəş tezliyidir. Bununla belə, bu cür atəş gücü pulemyot kompleksinin kütləsinə təsir edib. Belə ki, boş vəziyyətdə pulemyotun çəkisi 11 kiloqramdır və ümumi uzunluğu 1275 millimetrdir. Lülə çıxarılaraq sökülmüş vəziyyətdə pulemyot 762 millimetrə qədər azalır. Müayisə üçün qeyd edək ki, boş PKM pulemyotunun kütləsi 7,5 kq, uzunluğu 1192 mm-dir.

Döyüşə hazır vəziyyətdə 400 patronluq döyüş dəsti əlavə edilərsə, onun çəkisi təxminən 32-25 kq olacaqdır. Bunu nəzərə alaraq, atış üçün ona iki nəfərlik heyət lazımdır.

Pulemyotun yeni versiyası, həmçinin nişangah üçün lülə qutusu üzərində “Picatinny rail” tamasası, adaptiv mahmız, ayaq üstə atış üçün atəş ötürmə tutacağı və yüngül plastik qundaq da daxil olmaqla bir sıra funksional təkmilləşdirmələr alıb. Bundan başqa, təpmə enerjisini azaltmaq üçün pulemyotda ağız əyləc-kompensatoru quraşdırılıb.

Qeyd edək ki, “.338 Norma Magnum” patronu üçün pulemyot 7,62×51 çaplı pulemyotlarla 12,7×99 çaplı iri çaplı pulemyotlar arasında atəş məsafəsində olan boşluğu doldurmaq üçün nəzərdə tutulub. BKS 338 pulemyotu üçün “Norma Magnum” patronunun bütün .338 çaplı döyüş sursatı ailəsi arasından seçilməsi, açıq-aydın, flanslı gilizi olan, yəni çıxıntısı olan patronlardan istifadə edən PKM pulemyotunun konstruktiv xüsusiyyətləri ilə diktə olunur.

“.338 Norma Magnum” patronu 21-ci əsrin birinci onilliyinin ikinci yarısında amerikalı idman atıcısı Cimmi Sloan tərəfindən 1000 m-dən artıq məsafələrə yüksək dəqiqlikli atəş üçün döyüş sursatı kimi hazırlanmışdır.

Bu patron, oxşar döyüş sursatları ilə müqayisədə, effektiv atəş məsafəsinin artırılmasını, həmçinin güllənin uçuş müddətinin azaldılmasını, atəşin daha çox düzlüyünü və hədəfə əhəmiyyətli dərəcədə yüksək ölümcül təsir göstərilməsini təmin edir.

“.338 Norma Magnum” sırf idman patronu kimi mövqelənmişdir. Lakin eyni “.338 Lapua Magnum” ilə müqayisədə patronun çox yaxşı ballistik xüsusiyyətlərinə görə o demək olar ki, dərhal hərbçilərin və polisin marağına səbəb olmuşdur. Nəticədə, artıq 2010-cu illərin əvvəllərində bir sıra ölkələrin ordusunun və polisinin xüsusi bölmələri tərəfindən silahlanmaya qəbul edilmiş snayper tüfənglərinin modelləri yaradılmışdır. Həmçinin, ABŞ-də “General Dynamics” şirkəti tərəfindən 2012-ci ildə bu patron üçün LWMMG pulemyotu hazırlanmışdır.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS