Ermənistan Hindistanın “Pralay” ballistik raketlərini almaq istəyir
Ermənistan hökuməti Hindistanla “Pralay” ballistik raketlərinin alınması ilə bağlı razılığa gəlməyə çalışır.
“Poliqon” “Indian Defence Research Wing” (IDRW) nəşrinə istinadən xəbər verir ki, “Pralay” ballistik raketlərinin alınması Ermənistanın raket qüvvələrinin imkanlarını İsrail istehsalı LORA ballistik raketləri ilə silahlanmış Azərbaycanın raket qüvvələrinin imkanları ilə bərabərləşdirməlidir.
Nəşrin məlumatına görə, 500 km uçuş məsafəsinə malik “Pralay” ballistik raketlərinin alınması Ermənistanı yeni müharibə zamanı etibarlı və uzaq mənzilli vasitələrlə təmin edə bilər. Hazırda belə silahların Ermənistana satılması məsələsinin həssaslığı səbəbindən müzakirələrin təfərrüatları açıqlanmır, Hindistandan isə rəsmi cavab yoxdur.
“Pralay” ballistik raketi maksimum uçuş məsafəsi 500 km-dir və 350-700 (bəzi mənbələrdə 500-1000) kq ağırlığında qeyri-nüvə döyüş başlığı ilə təchiz edilib. Tuşlama yalnız inersialdır və raket özüyeriyən platformadan buraxıla bilər. Raketin uçuş məsafəsi artırıla bilər.
“Pralay” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) tərəfindən döyüş meydanında istifadə üçün hazırlanmış “yer-yer” sinif qısa mənzilli kvaziballistik raketdir (Short-Range Ballistic Missile – SRBM).
Raket Hindistan Ballistik Raketdən Müdafiə Proqramının (Indian Ballistic Missile Defence Programme) “Prithvi Defence Vehicle” (PDV) atmosferdən kənar tutucu raketi və “Prahaar” taktiki raketi üçün hazırlanmış texnologiyaların birləşməsidir.
DRDO 2015-ci ildən onun yaradılması layihəsi üzərində işləyir. İlk uğurlu sınaqlar 2021-2022-ci illərdə baş tutub.
“Pralay” adi silahlardan istifadə etməklə düşmənin rabitə mərkəzlərinə, hava hücumundan müdafiə məntəqələrinə və aerodromlarına yüksək dəqiqliklə zərbələr endirmək üçün təyin edilib.
2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində biabırcasına məğlubiyyətdən sonra Ermənistan öz silahlı qüvvələrini yenidən silahlandırmağa başlayıb. Ermənistan ən çox yüksək dəqiqlikli silahların, yəni ballistik raketlərin, raket sistemlərinin və artilleriyanın alınmasında maraqlıdır.
Qeyd edək ki, bu gün Ermənistan artıq Hindistanın maksimum 90 km uçuş mənzilinə malik “Pinaka” yaylım atəşli reaktiv sistemləri (YARS) ilə silahlanıb.
Xatırladaq ki, 2024-cü ilin martında Ermənistanın Hindistana 155 mm-lik ATAGS artilleriya sistemlərinin satışı barədə yeni sifariş verdiyi məlum olub. Növbəti 84 ədəd 155 mm-lik artilleriya sistemləri üçün sifariş Ermənistan Müdafiə Nazirliyi tərəfindən 2023-cü ildə haubitsaların 6 ədəddən ibarət ilk partiyası alındıqdan sonra verilib.
Əhəd Vahidoğlu