Çexiya Almaniyadan əlavə “Leopard 2A4” tankları alacaq
Çexiya Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətindən daha 14 ədəd “Leopard 2A4” tankı və bir ədəd “Buffalo 3” zirehli təmir-təxliyə maşını alacaq.
“Poliqon” Çexiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb.
Müqaviləyə əsasən, bu sifariş üzrə ilk “Leopard 2A4” cari ilin sonunda, geridə qalan tanklar isə 2025-ci ilin aprel ayında Çexiyaya çatdırılacaq. Bundan başqa, bir ədəd “Buffalo 3” zirehli təmir-təxliyə maşını 2026-cı ilin əvvəlində Çexiyaya təhvil veriləcək.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında “Rheinmetall” şirkəti, Çexiya və Almaniya hökumətləri arasında Çexiya Ordusuna 14 ədəd “Leopard 2A4” tankının və 1 ədəd “Buffalo 3” zirehli təmir-təxliyyə maşınının, onların sursatlarının, ehtiyyat hissələrinin tədarük edilməsi və texniki xidmətin göstərilməsi üçün 167 milyon avro dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində ilk “Leopard 2A4” tankı Çexiya Ordusuna ötən ilik dekabr ayında təhvil verilib və onların tədarükü artıq tamamlanıb.
Çexiya MN-in əlavə 14 ədəd “Leopard 2A4” alması ilə birlikdə Orduda xidmət göstərəcək bu tankların sayı 28-ə yüksəlib.
Hazırda Çexiya və Almaniya arasında daha 14 ədəd “Leopard 2A4” (əgər Çexiya alarsa ümumilikdə 42 ədəd olacaq), o cümlədən “Leopard 2A8” tanklarının alınması ilə bağlı danışıqlar davam edir.