Ukrayna Almaniyadan əlavə mobil səhra hospitalları alır
Ukrayna Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətinə “Role 2” tipli səkkiz mobil səhra hospitalı sifariş edib.
Bu barədə “Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, sifariş çərçivəsində mobil səhra hospitallarının çatdırılmasına 2024-cü ildə başlanacaq və 2026-cı ilin sonuna qədər başa çatdırılacaq.
“Role 2” tipli mobil səhra hospitalı üç yük maşını, qoşqu və cəmi altı konteynerdən ibarətdir. Qısa zaman kəsiyində istismar üçün tam hazır hala gətirilən hospital, yerdəyişmə anında da asanlıqla başqa bölgəyə daşına bilir. Mobil səhra hospitalında döyüş meydanında yaralanan əsgərlər üzərində cəld şəkildə tibbi müdaxilələr aparılır. Ağır yaralanan xəstələrin vəziyyəti stabilləşdirildikdən sonra isə digər mərkəzi xəstəxanalara və ya stasionar müəssisələrə göndərilir.
Xatırladaq ki, bundan əvvəl 2023-cü ilin iyun ayında Ukrayna Müdafiə Nazirliyi “Rheinmetall” şirkətinə “Role 2” tipli iki mobil səhra hospitalı sifariş edib.