Qazaxıstan müdafiə naziri: Müasir silahların alınması ilə yanaşı, mövcud texnikalar da modernləşdirilir
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Qazaxıstan Ordusunun silah və hərbi texnika parkının yenilənməsi istiqamətində görülən işlərdən danışıb.
General-polkovnik R.Jaksılıkov “Poliqon” jurnalına müsahibəsi zamanı bildirib ki, Qazaxıstanda qoşunların texniki cəhətdən təchiz olunması üçün çox iş görülüb.
Qazaxıstan Silahlı Qüvvələrinin bəzi silah və hərbi texnika nümunələri alıdığını söyləyən müdafiə naziri, hazırkı mərhələdə əsas səylərin qoşunların keyfiyyət parametrlərinin yüksəldilməsinə, onların müasir silahlar, hərbi texnika və xüsusi vasitələrlə mərhələli şəkildə texniki cəhətdən yenidən təchiz edilməsinə yönəldildiyini qeyd edib.
“Perspektivli silahların alınmasına baxmayaraq, Müdafiə Nazirliyi mövcud texnikanın modernləşdirilməsini də unutmur. Bu, dünya praktikasıdır. Müdafiə Nazirliyinin əmri ilə yerli müəssisələr zirehli texnikaları (T-72, BMP-2 və BTR-80 tankları) təmir edir və modernləşdirirlər. Onlar yeniləndikdən sonra artan sürücülük xüsusiyyətləri, daha güclü mühərrik, yeni atəşi idarəetmə sistemi və digər üstünlüklər alırlar”, – deyə Ruslan Jaksılıkov vurğulayıb.
Nazir bir sıra xarici müəssisələrlə də silah və hərbi texnikaya texniki qulluq və təmir işlərinin aparıldığını vurğulayıb: “Məsələn, İsrail müdafiə sənaye kompleksi PUA-ların, optik-elektron kəşfiyyat avadanlıqlarının və rabitə vasitələrinin tədarükçüsüdür. Müdafiə Nazirliyi İspaniya istehsalçısından S-295 nəqliyyat təyyarələri, elektron kəşfiyyat və döyüş texnikası alır. Silahlı Qüvvələrin təchiz edilməsi planlaşdırılarkən əsas səylər aviasiya texnikası, o cümlədən hərbi nəqliyyat, PUA-lar, hava hücumundan müdafiə sistemləri, elektron müharibə, kəşfiyyat, rabitə, kimyəvi müharibə və robot texnikası parkının yenilənməsinə yönəlib.
Kəşfiyyat (o cümlədən radar) tapşırıqlarının yerinə yetirilməsi, tıxacların kəsilməsi və yer hədəflərinə gecə-gündüz dəqiq zərbələrin endirilməsi üçün “Skylark-1LEX” zərbə və kəşfiyyat-taktiki PUA-sı alınıb. Qoşunların PUA-larla təchiz edilməsi ehtiyaclara uyğun olaraq sistemli şəkildə həyata keçirilir. Yerli müəssisələr PUA-ların istehsalı və texniki xidməti ilə məşğuldur”.
General-polkovnik R.Jaksılıkov Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təchizatı ilə bağlı məsələlərdən danışıb.
“Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün, dalğıcların və xüsusi bölmələrin hazırlanması üçün avadanlıq və sursat alınır, gəmilərin təmiri və texniki xidməti həyata keçirilir. 2025-ci ildən 2030-cu ilə qədər raket gəmisi, təxribat əleyhinə və desant katerləri, döyüş və texniki dəstək gəmilərinin alınması planlaşdırılır. Bundan əlavə, Xəzər dənizinin Qazaxıstan sektorunda yerüstü vəziyyətin monitorinqi üçün üfüqdən kənar müşahidə radiolokasiya stansiyasının alınması nəzərdən keçirilir”, – deyə nazir diqqətə çatdırıb.
O bildirib ki, Qazaxıstanın Quru Qoşunları müasir tipli zirehli transportyorlar, “Cobra” və “Arlan” zirehli avtomobilləri, raket və artilleriya, ağır odsaçan sistemlər ilə silahlanıb: “Elektron kəşfiyyat və döyüş sistemləri, radiasiya, kimyəvi və bioloji mühafizə vasitələri, mobil rabitə sistemləri, yanacaq-sürtkü materiallarının daşınması üçün avadanlıqlar və səhra xəstəxanaları da alınıb.
Artilleriya bölmələri üçün (Atlas optik-elektron kəşfiyyat avadanlığı, “Skylark-1LEX” PUA, batareyaların atəşə tutulması üçün platforma kəşfiyyat radarı) kəşfiyyat və hədəf təyinetmə avadanlıqları alınır. Bundan əlavə, mövcud atəşi idarəetmə sistemlərinin səmərəliliyinin artırılması məqsədilə onların müasirləşdirilməsi istiqamətində elmi-tədqiqat və təcrübə-konstruktor işləri aparılır, bu işlərdə yerli proqram təminatından və müasir optik-elektron cihazlardan istifadə edilməsi nəzərdə tutulur.
Silahlı Qüvvələrin rabitə vasitələri ilə təmin edilməsi məqsədilə birgə istehsal olunmuş müasir “Tadiran” radiostansiyaları sistemli şəkildə təchiz edilir. Strateji idarəetmə səviyyəsində radio rabitəsini təşkil etmək üçün yerli müəssisədə istehsal olunan avtomatlaşdırılmış radio rabitə sistemlərindən istifadə olunur ki, bu da Silahlı Qüvvələrin bütün xəbərdarlıq sistemini modernləşdirməyə və döyüş idarəetmə siqnallarının ötürülməsinin etibarlılığını artırmağa imkan verir”.