Azərbaycan Ordusunun Baş Qərargah rəisi IDEAS-2024-də silah sistemləri ilə tanış olub
Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında (IDEAS-2024) iştirak etmək üçün bu ölkəyə səfər edib.
“Poliqon” xəbər verir ki, general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti əvvəlcə sərginin açılış mərasimində iştirak edib.
Daha sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti IDEAS-2024 sərgisində nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.