
“Saab” şirkəti Litvadan AT4 və “Carl-Gustaf” qumbaraatanları ilə bağlı sifarişi alıb
İsveçin “Saab” şirkəti Litvaya AT4 və “Carl-Gustaf” qumbaraatanları üçün sursat və döyüş başlıqları təddarük edəcək.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişlərin ümumi dəyəri 1.3 milyard İsveç kronu (141.9 milyon ABŞ dollar) təşkil edir.
Çatdırılmaların 2027-2029-cu illər ərzində həyata keçirilməsi planlaşdırılır.
“Saab”ın istehsal etdiyi AT4 tank əleyhinə qumbaraatanı yüksək atəş gücü, zireh dəlmə bacarığı, istifadə rahatlığı və 200-1000 metr effektiv mənzilə sahib olması ilə ön plana çıxır. Qumbaraatanın AT4 ISI, ATCS HP, AT4CS RS, AT4CS ER, AT4CS AST və AT4CS HE modelləri mövcuddur.
Hazırda AT4 qumbaraatanları bir çox ordu tərəfindən, eləcə də Ukrayna-Rusiya müharibəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən (ABŞ Müdafiə Nazirliyi hərbi yardım çərçivəsində tədarük edib) Rusiya Quru Qoşunlarının tanklarını, zirehli transportyorlarını və nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunur.
Şirkət indiyə kimi 1 milyon ədəddən çox AT4 qumbaraatanı istehsal edib və sifarişçilərə çatdırıb.
“Carl-Gustaf M4” qumbaraatanı, “Saab” tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.
Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.
“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran raket sürətləndiricisi var.


