“ULAQ Global” Səudiyyə Ərəbistanında İDA istehsalına töhfə verəcək
Səudiyyə Ərəbistanının “SAMI Autonomous Company” şirkəti insansız dəniz aparatları (İDA) sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Türkiyənin “ULAQ Global Autonomous Systems” (“ULAQ Global”) şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “World Defense Show 2026” (WDS-2026) sərgisi çərçivəsində imzalanan bu saziş Səudiyyə Ərəbistanında İDA-ların layihələndirilməsi, hazırlanması, istehsalı, sistem inteqrasiyası və texniki xidmətini əhatə edən geniş əməkdaşlıq çərçivəsinin formalaşdırılmasını hədəfləyir.
Bu əməkdaşlıq vasitəsilə texnologiya transferi, birgə inkişaf fəaliyyəti və yerli istehsal prosesləri dəstəklənəcək.
Səudiyyə Ərəbistanında bu sahədə imzalanan ilk saziş xüsusiyyətini daşıyan əməkdaşlıq, “Vizyon 2030” hədəfləri çərçivəsində suveren dənizçilik və müdafiə qabiliyyətlərinin lokallaşdırılmasına və davamlı müdafiə sənayesi ekosisteminin formalaşdırılmasına mühüm töhfə verəcək.
“ULAQ Global” şirkətinin İdarə Heyətinin üzvü Kerem Kalafatoğlu bildirib ki, şirkətin Səudiyyə Ərəbistanında keçirilən WDS-2026 sərgisində iştirak etmə səbəblərindən biri də məhz bu mühüm sazişdir.
SAMI ilə imzalanan sazişin “ULAQ Global” və Türkiyə müdafiə sənayesi üçün mühüm addım olduğunu söyləyən K.Kalafatoğlu, İDA sahəsində ixrac uğurlarının davam edəcəyini vurğulayıb.
“Yalnız Səudiyyə Ərəbistanı deyil, dünya miqyasında iş inkişafı fəaliyyətlərimiz davam edir. Səudiyyə Ərəbistanı ilə atdığımız bu addım istehsalı ölkə daxilində davam etdirə biləcəyimiz və davamlı gəlir yarada biləcəyimiz imkan təqdim edir. Təkcə Səudiyyə Ərəbistanına deyil, bütün dünyaya ULAQ ixrac etməyi hədəfləyirik.
“ULAQ Global” olaraq illər ərzində topladığımız bilik və təcrübəni səudiyyəli tərəfdaşlarımızla bölüşərək yerli İDA istehsalına töhfə verəcəyik. Təkcə bu bölgədə deyil, Avropa və ABŞ istiqamətində də fəaliyyətlərimiz davam edir. “ULAQ Global”ı adından da göründüyü kimi qlobal miqyasda böyütməyi hədəfləyirik. Fəaliyyətlərimiz də bu istiqamətdə davam edir. Yaxın zamanda daha geniş xəbərlər eşidəcəyinizə ümid edirəm”, – deyə Kerem Kalafatoğlu qeyd edib.



