
Fransanın “SSN De Grasse” nüvə sualtı qayığı dəniz sınaqlarına başlayıb
“Naval Group” şirkəti tərəfindən Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilmiş “Barracuda” sinifli dördüncü nüvə sualtı qayığı “SSN De Grasse”nin ilk dəniz sınağı həyata keçirilib.
“Poliqon” “Naval Group”a istinadən xəbər verir ki, sualtı qayıq ilin sonuna qədər müxtəlif sınaqlardan keçdikdən sonra Fransa HDQ-yə təhvil veriləcək.
“Barracuda” proqramı çərçivəsində ilk üç nüvə sualtı qayığı (“SSN Suffren” – 2022-ci il iyun, “SSN Duguay-Trouin” – 2024-cü il aprel və “SSN Tourville” – 2025-ci il iyul) artıq Fransa HDQ-nin donanmasına qəbul edilib, dördüncüsü isə (“SSN De Grasse”) sınaq mərhələsindədir. Hazırda proqramın son iki sualtı qayığı olan “SSN Rubis” və “SSN Casabianca”nın inşa prosesi davam edir və onların 2030-cu ilə qədər təhvil verilməsi planlaşdırılıb.
Dünyanın ən səssiz sualtı qayıqları arasında yer alan bu platformalar xüsusilə MBDA şirkətinin istehsalı olan dəniz bazalı qanadlı raketlərlə silahlandırılıb. Onlar həmçinin “Naval Group” tərəfindən istehsal edilən F21 ağır çəkili torpedalar və MBDA şirkətinin SM39 gəmiəleyhinə raketləri ilə təchiz olunub. Bu sualtı qayıqlar, eyni zamanda xüsusi təyinatlı qüvvələrin sualtında gizli yerləşdirilməsi üçün təkmilləşdirilmiş imkanlara malikdir.


