
Hindistan P-8I təyyarəsindən ADC-150 konteynerinin sınaqlarını keçirib
Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) ilə Hərbi Dəniz Qüvvələri (HDQ) yerli istehsal olan ADC-150 havadan atılan konteynerinin P-8I “Poseidon” təyyarəsindən buraxılış sınaqlarını həyata keçirib.
“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, sınaqlar Qoa sahilləri yaxınlığında müxtəlif ekstremal buraxılış şərtlərində uğurla aparılıb.
Hindistanda yerli şəkildə layihələndirilən və hazırlanan ADC-150 konteyneri 150 kq-yə qədər faydalı yükün çatdırılması üçün nəzərdə tutulub. Bu sistem sahildən uzaqda, açıq dənizdə fəaliyyət göstərən və çətin vəziyyətə düşmüş hərbi gəmilərə təcili ehtiyatların, avadanlıqların və tibbi yardımın sürətli çatdırılması imkanını artıraraq Hindistan HDQ-nin əməliyyat-logistika imkanlarını gücləndirir.
Hindistan HDQ-nin tələblərinə uyğun olaraq P-8I təyyarəsi üçün ADC-150 sistemi qısa müddətdə hazırlanaraq kvalifikasiya mərhələsindən keçirilib. Bütün inkişaf və uçuş sınaqları uğurla tamamlandığı üçün sistemin yaxın zamanda Hindistan Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul ediləcəyi gözlənilir.


