MKE TOLGA Türkiyənin dronlara qarşı yaxın hava hücumundan müdafiəsini gücləndirəcək

MKE TOLGA Türkiyənin dronlara qarşı yaxın hava hücumundan müdafiəsini gücləndirəcək

MKE TOLGA kamikadze dron təhdidlərinə qarşı Türkiyənin yaxın hava hücumundan müdafiəsini üstlənəcək.

“Poliqon” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə açıqlamasında “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin baş direktoru İlhami Keleş deyib.

Xüsusilə Rusiya və Ukrayna arasındakı müharibədən sonra dronların asimmetrik bir təhdid olaraq daha çox ön plana çıxdığını qeyd edən İ.Keleş, bu cür dronların əldə edilməsinin və istifadəsinin təmin etdiyi asanlıq səbəbindən geniş yayıldıqlarını söyləyib.

Baş direktor bildirib ki, silah istehsalında illərlə toplanmış təcrübəyə malik şirkət olan MKE, dron hücumlarına qarşı sistemin inkişaf etdirilməsi üçün çalışaraq, TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemininin istehsalına başlayıb.

Onun sözlərinə görə, şirkət MKE TOLGA-nı dizayn edərkən hava hücumundan müdafiə erkən xəbərdarlıq komanda-idarəetmə sistemi prinsipinə əsaslanıb: “Sistemdə sensorlar var, AESA radarı var. Sistemdə “soft-kill”i təmin edən siqnal qarışdırıcılar var. Həmçinin çox qatlı müdafiəni təmin edə bilməsi üçün “hard-kill”, yəni vuraraq məhv etməyi təmin edəcək müxtəlif çaplı silahlar var.

İ.Keleş MKE TOLGA-nın məsafəyə görə çox fərqli çapda sursat istifadə edə bilən silah sistemi olduğunu vurğulayıb: “Hazırda 12.7 millimetrlik revolver tipli silahlarımız var. Yenə 12.7 millimetrlik QCB silahlar var. Bunlar ən yaxın məsafədən başlayaraq müdaxilə edəcəyimiz silahlardır. Bunun bir üst seqmentində 20 millimetrlik silah və onun da üst seqmentində 35 millimetrlik silahlar var. Bu silah sistemləri tamamilə “hard-kill”, yəni vuraraq məhv etməyə yönəlmiş sistemlərdir. Burada sursata hakim olmağımız bizi dünyadakı analoqlarımıza görə nisbətən bir addım önə çıxardı. Sursata hakim olmağımız səbəbindən 12.7 mm-dən başlayaraq 35 mm-ə qədər bütün çaplarda, “hədəfin önündə yayılaraq polad parçalarından bir bulud yaradan sursat” strukturu ilə ön plana çıxdıq”.

O, sistemin “polad bulud” sayəsində hədəfi daha effektiv şəkildə məhv etdiyini və MKE TOLGA-nın “Effektiv-Sadə-Ucuz” həll olduğunu vurğulayıb: “Bu baxımdan da dünyada ekvivalentlərinə nisbətən çox daha irəlidə olan bir sistemdir. Bu halda da “Polad Qübbə”nin alt seqmentini, yəni çox aşağı hündürlüyü əhatə edən bir quruluşu var”.

İ.Keleş qeyd edib ki, MKE TOLGA üzərindəki AESA radarı vasitəsilə hədəfi 10 kilometrlik məsafədən aşkarlaya və “jammer” adı verilən siqnal qarışdırıcı sistemlər vasitəsilə müdaxilə edə bilir.

Xüsusilə Rusiya-Ukrayna arasındakı müharibədə istifadə olunan və fiber-optik kabellərlə idarə edilən kamikaze dronlara da toxunan baş direktor, bunlara siqnal qarışdırıcı sistemlərlə müdaxilə edilə bilmədiyini xatırladıb.

“Hədəf yaxınlaşdığı andan etibarən 4 kilometrdən 300 metrə qədər, hətta 100 metrə qədər bütün məsafələrdə müdaxilə imkanımız var. Burada belə edirik, 4 min metrdən etibarən bir metal buludunun içərisinə alırıq. Çünki silahların atış sürətləri çox yüksəkdir. Məsələn, 35 millimetrlik, ən ağır silah olsa belə, onun atım sürəti dəqiqədə 1100 atışdır və atılan hər bir sursat parçalara bölünür. Beləliklə, orada tam bir bulud yaranır”.

İ.Keleş bildirib ki, MKE TOLGA üzərindəki radarlardan alınan görüntülər komanda-idarəetmə mərkəzinə ötürülür, orada təyin olunur və silahlara ötürülür. Bu, silahların avtomatik kilidlənə bilməsinə imkan verən avtonom sistemin mövcud olduğunu göstərir.

O, silahların üzərində optik izləmə təmin edən elektro-optik vahidlərin də olduğunu söyləyib: “Həm optik tərəfindən alınan görüntülər, həm də radar tərəfindən alınan görüntüləri qarşılaşdırmaqla daha dəqiq izləmə imkanı yaranır. Süni intellekt vasitəsilə dronun mümkün hərəkətləri proqnozlaşdırılaraq daha sağlam, daha önləyici bir izləmə imkanı təmin edilir. Bu da sistemə daha keyfiyyətli və daha az sursatla hədəfləri məhv etmək bacarığı verir”.

Baş direktor bildirib ki, MKE TOLGA-ya iki vahid daha əlavə ediləcək və onların SAHA sərgisindən əvvəl tamamlanması planlaşdırılır.

“Bizim əksik olan iki vahidimiz var. Bunlar nədir? Biri lazerdir. Lazer vasitəsilə hədəfi məhv etmək də sistemin bir hissəsi olacaq. İnşallah, SAHA sərgisində bu sistem test edilmiş şəkildə orada olacaq. Hazırda isə sistemin bir hissəsi deyil. Digər sistem isə mikrodalğa hava hücumundan müdafiə sistemidir. İnşallah, vaxtında yetişdirsək SAHA sərgisində onu da əlavə edəcəyik. Beləliklə, ucdan uca bütün imkanları ilə tək mərkəzdən idarə oluna bilən, “effektiv, sadə, ucuz” bir konsepsiya ilə ortaya çıxardıq”, – deyə İlhami Keleş vurğulayıb.

İ.Keleş, xüsusilə kritik və dəyərli sahələrin qorunması üçün sistemlərin birbaşa həmin sahələrə yerləşdirilməsinin lazım olduğunu, bu nöqtədə TOLGA-ya marağın yüksək olduğunu bildirib: “Beynəlxalq maraq da yüksək oldu. Hətta bu baxımdan, məlum olduğu kimi, Misirlə bir müqavilə imzaladıq. Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrlə də müqavilələr imzaladıq. Əslində, stokumuzda olsaydı, bu məhsulu istəyən digər ölkələr də var idi, amma istehsal prosesi var. Ona görə də dərhal rəfdə olan bir məhsul olmaması səbəbindən belə bir vəziyyət var, amma maraq çox yüksəkdir, bunu izah etməyə çalışıram. Eyni şəkildə Baltik ölkələrində də oxşar işlər aparırıq. İnşallah, orada da birgə istehsal, yerində istehsal kimi məsələləri qiymətləndirəcəyik. Yəni imkanları, təsiri ilə MKE TOLGA beynəlxalq səviyyədə ciddi bir marka olmaq yolundadır”.

Baş direktorun sözlərinə görə, MKE TOLGA Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olma prosesini tamamlamaq üzrədir.

“İlk dəfə olaraq Quru Qoşunlarımızın inventarına daxil olur. NATO stok kodunu da alırıq. Yəni inventara daxil olma prosesi tamamlandı, amma NATO stok kodu alma prosesi davam edir. Dərhal ardınca kütləvi istehsala başlanır. Artıq son Müdafiə Sənayesi İcra Komitəsində (SSİK) də MKE TOLGA ilə bağlı həm Quru Qoşunları, həm Hərbi Dəniz Qüvvələri, həm Hərbi Hava Qüvvələrinin tələbləri SSİK-dən keçdi. Beləliklə, bizim öz ehtiyaclarımızı da qarşılayacağıq, amma ağırlıqlı olaraq xarici bazarı hədəfləyirik. Xaricdə də iki fərqli model ola bilər. Birincisi, faktiki olaraq orada istehsal. İkincisi, birgə müəəssisə qurmaqla istehsal edilməsi”, – deyə İlhami Keleş qeyd edib.

CATEGORIES
TAGS