
Birləşmiş Ərəb Əmirliklərinin EDGE şirkətlər qrupuna daxil olan LAHAB şirkəti 155 mm-lik ERFB (Extended Range Full Bore) artilleriya mərmisinin ilk dinamik atış sınağını uğurla həyata keçirib.
“Poliqon” EDGE-yə istinadən xəbər verir ki, şirkət tərəfindən daxili imkanlar hesabına layihələndirilərək istehsal olunan mərminin sınaq atışları gözlənilən nəticələrə uyğun olub.
52 kalibr uzunluğunda lüləyə malik topdan atılan bütün mərmilər əvvəlcədən hesablanmış trayektoriya üzrə hərəkət edərək hədəf zonasına düşüb. Bu, atışların sabit qruplaşmasını və səpələnmənin az olduğunu nümayiş etdirib.
Sınağın məqsədi mərminin Birgə Ballistik Anlaşma Memorandumu (JBMOU) standartına uyğun hazırlanmış silah sistemləri ilə uyğunluğunu, nəzəri və ölçülmüş lülə kanalındakı təzyiq göstəriciləri, eləcə də proqnozlaşdırılan və faktiki düşmə nöqtələri arasındakı uyğunluğu və mərmi komponentlərinin konstruktiv bütövlüyünü yoxlamaq olub. Bütün bu meyarlar üzrə uğurlu nəticələr əldə edilib.
Növbəti mərhələdə mərminin effektivliyini kəmiyyət baxımından qiymətləndirmək üçün xüsusi sınaq poliqonunda testlər keçiriləcək. Bundan sonra hərbi standartların (MIL-STD) tələblərinə və NATO-nun 4224 saylı Standartlaşdırma Sazişinə (STANAG 4224) uyğunluq üzrə kvalifikasiya sınaqları aparılacaq. Kvalifikasiya mərhələsi sursatın təhlükəsizliyinin və istismara yararlılığının təsdiqlənməsi istiqamətində növbəti əsas mərhələ olacaq.





