
ASELSAN şirkəti pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə vasitəsi olan EJDERHA AD yüksək güclü elektromaqnit sisteminin imkanlarını nümayiş etdirib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, sınaq zamanı sistem eyni vaxtda havaya buraxılan 51 PUA-nı bir neçə saniyə ərzində zərərsizləşdirərək dünya rekorduna imza atıb.
Bu nailiyyətlə ASELSAN dron sürülərinə qarşı mübarizədə və yeni nəsil FPV dron təhdidlərinin neytrallaşdırılmasında yeni imkanlar nümayiş etdirib.
Vakuum elektronikası texnologiyası əsasında fəaliyyət göstərən EJDERHA mini və mikro pilotsuz uçuş aparatlarının elektron sistemlərini sıradan çıxaran yüksək güclü elektromaqnit dalğaları yaradır. Nümayiş zamanı sistemin müxtəlif növ PUA təhdidlərinə qarşı effektivliyini göstərən iki ayrı ssenari həyata keçirilib.
Birinci ssenaridə EJDERHA təxminən 1000 metr məsafədə iki naqilli PUA-nı zərərsizləşdirib. Bu sınaq sistemin yerüstü enerji mənbəyinə və ya idarəetmə məntəqəsinə naqil vasitəsilə bağlı olan PUA-lara qarşı da mübarizə aparmaq qabiliyyətini nümayiş etdirib. Belə PUA-lar ənənəvi PUA əleyhinə sistemlər üçün çətin hədəflər hesab olunur.
İkinci ssenari isə müasir dövrün ən mürəkkəb təhdidlərindən birinə – koordinasiyalı dron sürülərinə qarşı mübarizəyə həsr olunub. ASELSAN-ın 51 illik mühəndislik təcrübəsini simvolizə edən 51 PUA eyni vaxtda havaya buraxılıb və EJDERHA onların hamısını bir neçə saniyə ərzində zərərsizləşdirib. İndiyədək heç bir yönəldilmiş enerji sisteminin eyni vaxtda bu qədər PUA-nı zərərsizləşdirməsi qeydə alınmayıb.
Bu rekord nailiyyətlə bağlı açıqlama verən ASELSAN-ın İdarə Heyətinin sədri və baş direktoru Ahmet Akyol bildirib ki, EJDERHA sistemi raket atmadan və hər hansı sursatdan istifadə etmədən, sadəcə bir düyməyə basmaqla 51 PUA-nı uğurla zərərsizləşdirən dünyada ilk sistemə çevrilib: “Yüksək güclü elektromaqnit dalğalarından istifadə edən “EJDERHA” dövrümüzün ən böyük təhdidlərindən biri olan PUA-ların zərərsizləşdirilməsi üçün ən effektiv həllərdən birinə çevrilib.
Bu nailiyyət ASELSAN-ın 50 ildən artıq müddətdə topladığı təcrübənin, gənc mühəndislərimizin fədakarlığının, dövlətimizin müəyyən etdiyi strateji istiqamətin və xalqımızın sarsılmaz dəstəyinin nəticəsidir. Bu birgə səylərin nəticəsində “EJDERHA” artıq əməliyyat istifadəsi mərhələsinə çatıb, seriyalı istehsala daxil olub və ölkəmizin təhlükəsizliyinə birbaşa töhfə verəcək texnologiyaya çevrilib. Biz bu cür texnologiyaları inkişaf etdirməyə davam edəcəyik. Ölkəmizin gələcəyə inamla baxmasını təmin etmək üçün yüksək texnologiyalar sahəsində investisiyalarımızı qətiyyət və əzmlə davam etdirəcəyik”.
“EJDERHA” PUA-ların elektron sistemlərini hədəf alan yüksək güclü elektromaqnit dalğaları yaradır. Sistem təhdidləri radar vasitəsilə aşkarlayır, elektro-optik sensorlarla izləyir və dəqiq tuşlama qabiliyyəti sayəsində elektron sxemlərə malik hədəfləri sıxışdırmaq, yenidən işə düşməsini təmin etmək, sıradan çıxarmaq və ya zədələmək imkanına malikdir. Beləliklə, sistem döyüş meydanında düşmən PUA-larının naviqasiya, rabitə və komanda-idarəetmə sistemlərini təhlükəsiz məsafədən sıradan çıxarmaqla müdafiə sahəsində yeni yanaşma formalaşdırır.
ASELSAN-ın PUA-lara qarşı çoxqatlı mübarizə konsepsiyasının tərkib hissəsi olan sistem mini və mikro PUA-lara, alçaq hündürlükdə uçan sabitqanadlı PUA-lara, naqilli və naqilsiz FPV dronlara, eləcə də daxiliyanma mühərrikli pilotsuz uçuş aparatlarına qarşı sahə şəraitində effektivliyini dəfələrlə nümayiş etdirib.





