
Böyük Britaniyanın “BAE Systems” şirkəti Danimarka Müdafiə Nazirliyinin Təchizat və Logistika Təşkilatı (DALO) ilə CV90 MkIIIC piyada döyüş maşınları (PDM) üçün simulyatorların tədarükünə dair 90 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, müqavilə müxtəlif realistik səviyyələrə malik simulyator kompleksinin hazırlanmasını nəzərdə tutur.
Danimarka Silahlı Qüvvələrinin istifadə edəcəyi bu simulyatorlar fərqli təlim məqsədlərinə xidmət etməklə xərclərin azaldılmasına, döyüş hazırlığının yüksəldilməsinə və təhlükəsizliyin artırılmasına imkan verəcək. Simulyatorlar hərbi və mülki təlim sistemlərinin layihələndirilməsi, hazırlanması, istehsalı və texniki dəstəyi üzrə ixtisaslaşmış “BAE Systems” şirkətinin Slovakiyadakı subpodratçısı VRM ilə əməkdaşlıq çərçivəsində istehsal olunacaq.
Yüksək realistik səviyyəli simulyatorlar orijinal qüllə idarəetmə elementləri, real səs effektləri, eləcə də nasazlıq və fövqəladə hallarının modelləşdirilməsi imkanları ilə təchiz ediləcək. Bu sistemlər heyətə prosedur və taktiki hazırlıq üzrə qabaqcıl təlimlər keçməyə imkan verəcək.
Orta realistik səviyyəli heyət simulyatorlarında komandir, tuşlayıcı və sürücü üçün virtual idarəetmə elementləri nəzərdə tutulub. Bu simulyatorlar bütün heyətin, həmçinin taqım və bölük səviyyəsində taktiki hazırlığın səmərəli təşkili üçün istifadə ediləcək.
Kompleksə, həmçinin əsas hazırlıq üçün nəzərdə tutulan, orijinal idarəetmə tutacaqları ilə təchiz edilmiş portativ masaüstü kompüter əsaslı aşağı realistik səviyyəli simulyatorlar daxildir.
Bütün simulyator növləri eyni proqram təminatı bazasından istifadə edəcək. Bu, gələcəkdə döyüş maşınlarının proqram və aparat təminatında ediləcək yeniliklərin təlim mühitində də əks olunmasını təmin edəcək. Beləliklə, Danimarka CV90 heyətləri üçün genişləndirilə bilən, realistik və çevik təlim imkanları yaradılacaq.
Bu, həmçinin yanacaq və döyüş sursatlarının sərfiyyatını azaldır, texnikanın istismar yükünü məhdudlaşdırır və hava şəraitindən, poliqonların əlçatanlığından və ya əməliyyat öhdəliklərindən asılı olmayaraq təlimlərin keçirilməsini mümkün edir.
Bundan başqa, simulyatorlar heyətlərə nadir hallarda rast gəlinən, mürəkkəb və təhlükəli ssenariləri təhlükəsiz şəraitdə məşq etməyə imkan verir. Avtomatlaşdırılmış qeydiyyat və qiymətləndirmə vasitələri isə təlim nəticələrinin obyektiv ölçülməsinə və hazırlıq səviyyəsinin davamlı təkmilləşdirilməsinə şərait yaradır.





