“Eurasia Air Show-2020” virtual keçiriləcək

“Eurasia Air Show-2020” virtual keçiriləcək

Türkiyənin Antalya şəhərində 2-6 dekabr 2020-ci il tarixlərində keçiriləcək “Eurasia Air Show-2020” beynəlxalq aviasiya şousu koronavirus pandemiyası ilə əlaqədar olaraq virtual keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə sərginin təşkilat komitəsinin sədri Hakan Kurt mətbuat konfransında məlumat verib.

Hakan Kurt bildirib ki, sərgi çərçivəsində aviasiya vasitələri real uçacaq, iştirakçılar isə bunu kompüter arxasından izləyəcəklər.

“Bundan əvvəl, sərginin real olması planlaşdırılsa da, iki həftə əvvəl tamamilə yeni bir fikir həyata keçirildi. Sərgi bu dəfə tamamilə virtual olacaq, ancaq hava platformaları həqiqətən uçacaq. Bizim prioritetimiz iştirakçılarımızın sağlamlığıdır. Dünyadakı epidemiyanın gedişatını qiymətləndirərək “Eurasia Air Show” üçün bir qərar verdik. “Eurasia Air Show-2020” 2-6 dekabr tarixlərində virtual olaraq keçiriləcək”, – deyə Hakan Kurt vurğulayıb.

Yeni qərara əsasən Antalyada sərginin açılışında uçuşlar həyata keçiriləcək. Ziyarətçilər sərgini virtual mühitdə izləyəcəklər. İştirakçı ölkələr və şirkətlər isə real uçuş performanslarını özlərinə uyğun bir yerdə nümayiş etdirəcəklər. Beləliklə, bir təyyarənin sərgilənməsi üçün beynəlxalq miqyasda uçuş həyata keçirməsinə gərək qalmayacaq. Kurt sərgiyə qatılmaq istəyən şirkətlərin öz ölkələrində sərgi çərçivəsində edəcəkləri real uçuşların canlı yayım vasitəsilə yayımlanacağını vurğulayıb.

Hakan Kurt bildirib ki, sərgidə 500 şirkətin, 5 min ticarət toplantısı, 5 milyon ictimaiyyət görüntülənməsi, 100-dən çox aviasiya vasitəsinin təqdimatı, 200 rəsmi nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, “Eurasia Air Show-2020” aviaşosu 22-26 aprel tarixlərinə planlaşdırılsa da dünyada və Türkiyədə yayılan COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu tarix iyun ayına keçirilmişdi.

 

CATEGORIES
TAGS