Braziliya istismardan çıxarılan hərbi təyyarələri satır

Braziliya istismardan çıxarılan hərbi təyyarələri satır

Braziliya Hərbi Hava Qüvvələri (HHQ) müntəzəm olaraq təyyarələri və onların hissələrini hərraca çıxarır. Ancaq bəzən bu bir çox lot təşkil edir.

“Poliqon” “Forca Aerea” portalına istinadən xəbər verir ki, ümumilikdə hazırki hərracda 30 lot təklif olunur ki, bunlarında sırasında gövdə və təyyarə hissələri ilə yanaşı, çoxlu qovşaqlar, detallar, hissələr, alətlər, şinlər və materiallar var.

Hazırda satışa çıxarılan təyyarələr arasında ən azı 13 ədəd A-1 AMX hücum təyyarəsi var ki, onların əksəriyyəti barədə uzun müddətdir məlumat verilməyib.

Hərraca AMX təyyarələrindən başqa, P-3AM “Orion”, AT-26 “Xavante” (Aermacchi MB-326), T-25 “Neiva Universal” və VC-97 “Brasilia” (EMB-120 “Brasilia”) təyyarələri də çıxarılıb.

Bunlarla yanaşı, hərracda 2 ədəd C-130M “Hercules” hərbi-nəqliyyat təyyarəsi də yer alıb. Hərraca çıxarılan belə bir təyyarə üçün braziliyalı hərbçilər 5860 ABŞ dolları almaq istəyir.

“Lockheed Hercules” nəqliyyat təyyarəsi 1950-ci illərin əvvəllərində ABŞ-ın “Lockheed Corporation” korporasiyası tərəfindən hazırlanıb və “Lockheed Martin Corporation” korporasiyası tərəfindən istehsal edilib. İlk uçuşunu 23 avqust 1954-cü ildə yerinə yetirib və 1955-ci ildən seriyalı istehsalına başlanıb. 2015-ci ilə kimi 60-dan çox modifikasiyada 2600 ədəddən (2019-cu ilin məlumatı) artıq təyyarə buraxılıb. C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsi bir çox ölkələrin HHQ-də əsas hərbi nəqliyyat təyyarəsi kimi istifadə olunur.

Həmçinin hərracda istismardan çıxarılmış AT-26 “Xavante” yüngül çoxməqsədli hücum təyyarəsi 5870 ABŞ dollarına təklif olunur.

AT-26 “Xavante” təlim-döyüş təyyarəsi 1950-ci illərin ortalarında İtaliyanın “Alenia Aermacchi” aerokosmik şirkəti tərəfindən yaradılıb və ilk uçuşunu 10 dekabr 1957-ci il tarixində yerinə yetirib. Lisenziya əsasında Braziliyada “Xavante AT-26” aviazavodunda istehsal olunub. İtaliya və Braziliyadan başqa Argentina, Avstraliya, Boliviya və Cənubi Afrika HHQ tərəfindən istifadə edilir.

Lotların bəzi xüsusiyyətləri diqqəti cəlb edir. Məsələn, istismardan çıxarılan “Lockheed P-3AM Orion” dəniz patrul təyyarəsini 2854 ABŞ dollarına satmaq üçün ABŞ hökumətindən xüsusi icazə almaq zəruridir.

P-3AM “Orion” sahil patrul təyyarəsi ABŞ-ın “Lockheed Corporation” və “Lockheed Martin Corporation” korporasiyaları tərəfindən 1950-ci illərin ortalarında hazırlanaraq istehsal edilib. O, “Lockheed L-188 Electra” təyyarəsinin bazasında yaradılıb və mahiyyətcə onun hərbi modifikasiyasıdır. İlk uçuşunu 25 noyabr 1959-cu ildə yerinə yetirib. Səkkiz modifikasiyada ABŞ Hərbi Dəniz Qüvvələrində (HDQ) və daha 17 ölkə HDQ-də istifadə olunur.

T-25 “Neiva Universal” pərvanəli təlim-məşq və hücum təyyarəsi Braziliyanın “Sociedate Construtora Aeronautica Neiva Ltd” (sonradan “Empresa Brasileira de Aeronautica S.A.” və ya Embraer S.A.) şirkəti tərəfindən 1963-cü ildə layihələndirilib. İlk uçuşunu 29 aprel 1966-cı ildə yerinə yetirib. Təyyarə Braziliyadan başqa Çili, Paraqvay və Boliviya HHQ-də də istifadə olunur.

VC-97 “Brasilia” turbovintli sərnişin təyyarəsi “Embraer S.A.” şirkəti tərəfindən keçən əsrin 80-ci illərinin əvvəllərində yaradılıb və ilk uçuşunu 27 iyul 1983-cü ildə yerinə yetirib. Təyyarənin baza variantı “Embraer EMB 120 Brasilia” 30 yerlik sərnişin təyyarəsidir və Braziliya HHQ üçün VİP modifikasiyada VC-97 “Brasilia” markası ilə istehsal olunub. 2001-ci ildən istehsalı dayandırılıb.

AMX yüngül taktiki turboreaktiv hücum təyyarəsidir. Braziliyada istismardan çıxarılan bu təyyarələr üçün yerli hərbçilər 4567 ABŞ dolları istəyir. Hücum təyyarəsi 1980-ci illərdə İtaliyanın sifarişi ilə İtaliya və Braziliya şirkətləri tərəfindən hazırlanıb. Proqram çərçivəsində konsorsiumda İtaliyanın “Alenia Aerospazio” və “Aermacchi” şirkətləri, eləcə də Braziliyanın “Embraer S.A.” şirkəti iştirak edib. İlk seriyalı təyyarə 1989-cu ilin aprelində İtaliya HHQ-nə “Ghibli” adı ilə, 17 oktyabr 1989-cu ildən isə Braziliya HHQ-nə A-1 “Centauro” adı ilə daxil olmağa başlayıb. AMX, AMX-T, AMX-ATA, AMX-R (RA-1) və A-1M kimi modifikasiyaları mövcuddur.

Ümumilikdə Braziliya HHQ-nin istismarından çıxarılmış təyyarələr üçün hərrac iyulun 20-də baş tutmalıdır. Lotlara öncədən qeydiyyatla baxış iyulun 18-də baş tutacaq.

Hercules

Braziliya HHQ-inin istismardan çıxarıl C-130M “Hercules” hərbi nəqliyyat təyyarəsi

Orion

Braziliya HHQ-inin istismardan çıxarılan P-3AM “Orion” sahil patrul (gəmi əleyhinə) təyyarəsi

Xavante

Braziliya HHQ-nin istismardan çıxarılan AT-26 “Xavante” turboreaktiv təlim-məşq və yüngül hücum təyyarəsi

T 25

T-25 “Neiva Universal” təlim-hücum təyyarəsi

VC 97

VC-97 “Brasilia” yüngül turbovintli sərnişin təyyarəsi

AMX

Braziliya HHQ-nin istismardan çıxarılan A-1 AMX hücum təyyarəsi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS