HAVELSAN “rəqəmsal birlik” layihəsini meydana çıxarmağa hazırlaşır
Türkiyə müdafiə sənayesinin inkişaf etdirdiyi pilotsuz hava, quru və dəniz vasitələrinin birlikdə xidmət göstərəcəyi “rəqəmsal birlik” layihəsinin cari il ərzində əməliyyat meydanına çıxarılması hədəflənir.
“Poliqon” xəbər verir ki, bunu HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar “Anadolu Agentliyi”nə açıqlamasında deyib.
Son zamanlar pilotsuz quru, hava və dəniz vasitələrinin böyük diqqət çəkdiyini vurğulayan M.A.Nacar, bu platformaların birgə istifadəsi üçün hazırlanan “rəqəmsal birlik” konsepsiyasının nümunələrini cari il ərzində ortaya çıxaracaqlarını bildirib: “2023-cü ildə onları əməliyyat meydanında göstərməyə başlayacağıq. İndiyə qədər haqqında danışdığımız komponentlər yavaş-yavaş hazırlanır.
İndi “Barkan”, “Baha” və “Sancar”ın “rəqəmsal birliyin” tərkib hissəsi kimi necə işləyəcəyini, eləcə də “tək əsgərin” bu birliyin içində necə mövqelənəcəyini meydanda göstərməyin vaxtıdır. Ona görə də əməkdaşlarımız bununla bağlı bəzi sınaq və yoxlama işləri görməyə başlayacaqlar”.
HAVELSAN-ın baş direktoru vurğulayıb ki, şirkət rəqəmsal birlikdə fəaliyyət göstərməsi üçün bir sıra məhsullar hazırlayıb və zaman keçdikcə onları təkmilləşdirib: ““Barkan” 2 ildir ərazidə sınaqdan keçirilmiş məhsuldu. Məhsul gözlənilən ehtiyaca uyğun olaraq yeniləndi və “Barkan-2” ortaya çıxdı. Məhsula yeni xüsusiyyətlər əlavə edildi. Məsələn, SAHA Expo-da təqdim etdiyimiz vasitədə 12.7 millimetrlik silah sistemi yer aldı, ancaq bundan əvvəl onda 7.62 mm-lik silah var idi”.
M.A.Nacar bildirib ki, hazırda bununla bağlı dizayn işləri başa çatıb və onun istehsalı aparılır: “İstehsal başa çatdıqdan sonra az sayda platforma sınaqlarının keçirilməsi üçün inventara veriləcək. Sınaqlar nəticəsində də çox yaxın müddət ərzində kütləvi istehsala başlayacağıq. 2023-cü ilin birinci yarısında seriyalı istehsala başlayacağımızı düşünürük. Hal-hazırda sınaq üçün istifadə edilən Barkanlar var”.
Şirkətin baş direktoru HAVELSAN-ın rəhbərliyi ilə öz sahəsindəki qabaqcıl şirkətlərlə əməkdaşlıq əsasında hazırlanan yerüstü döyüş robotu “Kapgan” üçün də sınaq və təkmilləşdirmə işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, HAVELSAN şirkəti “rəqəmsal birlik” layihəsini ilk dəfə Türkiyədə keçirilən IDEF-2021 sərgisində təqdim edib.