Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyevin təbriki akademik kursun dinləyicilərinə çatdırılıb.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra məzunlara diplom və döş nişanları təqdim olunub, yaş kötüyünə xatirə lövhəsi vurulub.
Sonda xatirə şəkli çəkdirilib.