Abbas Qiyasov Sahil Mühafizəsinin arsenalındakı çox təyinatlı katerlər, müasir silah sistemləri və texnikaların əhəmiyyətindən danışıb
Dövlət Sərhəd Xidməti rəisi tərəfindən təsdiq edilmiş illik döyüş hazırlığı planına əsasən Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, neft-qaz platformaları, boru kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi, qarşılıqlı əlaqənin təşkili, dənizdə hüquq-mühafizə funksiyalarının həyata keçirilməsinin və qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, zabit heyətinin bilik və bacarığının təkmilləşdirilməsi, o cümlədən müxtəlif hava şəraitlərində sərhəd axtarışı, raket-artilleriya atışların keçirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi ilə hər il geniş miqyaslı müxtəlif mövzulu taktiki təlimlər həyata keçirilir.
Bu sözləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində deyib.
Kontr-admiral A.Qiyasov vurğulayıb ki, Sahil Mühafizəsinin bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat taktiki hərəkətlərinin işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə keçirilən geniş miqyaslı taktiki təlimlərdə Sahil Mühafizəsinin gəmi və katerlərində quraşdırılmış silah sistemlərin və texniki vasitələrinin, o cümlədən son illər ərzində Sahil Mühafizəsinin balansına qəbul edilmiş müasir texnikanın tətbiqi nümayiş olunmaqla dəniz sərhədçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.
Qərargah rəisi bildirib ki, Azərbaycanın dəniz tarixində ilk dəfə olaraq raket-artilleriya silahlarından gecə atışları yüksək dəqiqliyi ilə icra edilib, gəminin göyərtəsinə helikopterlərin enişi yerinə yetirilib.
“Dövlət və beynəlxalq proqramlar çərçivəsində Sahil Mühafizəsinin balansına çox təyinatlı katerlərin, itisürətli qayıqların, “Pick-up” və kvadrasikl tipli nəqliyyat vasitələrin, müasir sualtı aşkaretmə naviqasiya sistemlərin, döyüş üzgüçülərinin daşınması üçün sualtı aparatların, qapalı dövriyyəli dalğıc avadanlığı və dalğıc geyim dəsti, gəmi və dalğıc arasında kommunikasiya, radiasiya və kimyəvi madddələrin aşkar edən cihaz və detektorların qəbul edilməsi Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaradıb”, – deyə kontr-admiral A.Qiyasov bildirib.