ABŞ Avstraliyaya M142 HIMARS sistemi satmağa razılıq verib

ABŞ Avstraliyaya M142 HIMARS sistemi satmağa razılıq verib

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (US Defense Security Cooperation Agency – DSCA) M142 HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) Avstraliyaya satışını təsdiqləyib.

“Poliqon”un məlumatına görə, ABŞ Dövlət Departamenti Avstraliya Hökumətinə 385 milyon ABŞ dolları dəyərində HIMARS YARS və müvafiq avadanlıqların mümkün Xarici Hərbi Satışını (Foreign Military Sale) təsdiqləyən qərar qəbul edib. Belə ki, Avstraliyanın sifarişi əsasında DSCA Agentliyi satışı razılaşdırıb və bu barədə ABŞ Konqresinə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.

“Satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Avstraliya Sakit Okeanın qərbindəki ən mühüm müttəfiqlərimizdən biridir. Bu siyasi və iqtisadi qüvvənin strateji yerləşməsi regionda sülhə və iqtisadi sabitliyə böyük töhfə verir. ABŞ-ın milli maraqları üçün müttəfiqimizə özünümüdafiə üçün güclü və hazırlıqlı potensialın inkişaf etdirilməsi və saxlanmasına kömək etmək həyati əhəmiyyət kəsb edir”, – deyə məlumatda qeyd olunur.

Söhbət aşağıdakı silahların satışından gedir:

  • 20 ədəd M142 HIMARS (High Mobility Artillery Rocket Systems) YARS;
  • 30 ədəd M30A2 GMLRS (Guided Multiple Launch Rocket Systems) YARS;
  • 30 ədəd həssas olmayan döyüş sursatı güc sistemləri (Insensitive Munitions Propulsion System – IMPS) olan alternativ döyüş başlığı (Alternative Warhead – AW) bloku;
  • 30 ədəd IMPS ilə M31A2 “GMLRS Unitary” (GMLRS-U) fuqas kapsulu;
  • 30 ədəd XM403 “Extended Range” (ER) – GMLRS AW modulları;
  • 30 ədəd EM404 “ER GMLRS Unitary” kapsulu;
  • 10 ədəd M57 ATACMS (Army Tactical Missile System) ordu taktiki raket kompleksi.

Müqavilə həmçinin sistemlər üçün köməkçi və təmir avadanlığının təhvil verilməsini, texniki xidmət göstərilməsini və mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

DSCA Agentliyinin rəyinə görə, bu silahlar Avstraliyanın cari və gələcək təhdidlərə tab gətirmək qabiliyyətini təkmilləşdirəcək, həmçinin ABŞ və müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq.

Müqavilənin icrası üzrə əsas podratçılar “Lockheed Martin Inc.”, “Chelton Inc.” və “L3 Harris Corp.” şirkətləridir.

Xatırladaq ki, ABŞ yaxın günlərdə Ukraynaya silah tədarükünü artırmağa, xüsusən də müasir MLRS uzunmənzilli raket sistemlərini təmin etməyə hazırlaşır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS