ABŞ Avstraliyaya “Tomahawk” qanadlı raketlərin satışını təsdiqləyib
ABŞ hökuməti 895 milyon dollar dəyərindəki “Tomahawk” uzaq mənzilli qanadlı raketlərin Avstraliyaya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, bu sifarişə “Tomahawk” raketinin 200 ədəd Block V və 20 ədəd Block IV versiyasının satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
1983-cü ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan “Tomahawk” raketi “Raytheon Missiles & Defense” şirkəti tərəfindən istehsal edilir. Onun dəniz, quru və hava bazalanmalı müxtəlif modifikasiyaları var.
İstehsalçı şirkətin məlumatına görə, ABŞ ordusu və müttəfiqləri “Tomahawk” raketinin 2300-dən çox döyüş tətbiqini həyata keçiriblər. Sonuncu dəfə 2018-ci ildə ABŞ HDQ Suriyadakı obyektlərə 66 ədəd “Tomahawk” raketi buraxıb.