ABŞ-da Dəniz Piyadaları Korpusu üçün yeni yük PUA-sı yaradılıb

ABŞ-da Dəniz Piyadaları Korpusu üçün yeni yük PUA-sı yaradılıb

ABŞ-ın “Kaman” aerokosmik şirkəti cari ilin 11-13 oktyabr tarixlərində keçiriləcək AUSA-2021 müdafiə sərgisində ABŞ Dəniz Piyadaları Korpusu üçün yaratdığı “Kargo” orta yükqaldırmalı pilotsuz uçuş aparatını (kvadrokopteri, PUA) təqdim edəcək.

“Poliqon”un məlumatına görə, “Kargo” PUA Dəniz Piyadaları Korpusunun müxtəlif uzaq adalara səpələnmiş baza ekspedisiyalarının kiçik qüvvələrinin təminatı konsepsiyasının ən böyük problemini həll etmək üçün təyin edilib.

PUA son 9 ay ərzində dəniz piyadalarının orta yükqaldırma qabiliyyətli pilotsuz uçuş aparatlarına (Unmanned logistics systems air – ULS-A) olan ehtiyaclarını ödəmək üçün sıfırdan hazırlanıb. Dəniz piyadaları bu tip PUA-ların Sakit okean, Baltik dənizi və ya digər mübahisəli dəniz bölgələri kimi yerlərdə gələcək fəaliyyətlərinin bir əlaməti olmasını düşünürlər.

“Kargo” kvadrokopteri 926 km-ə qədər uçuş məsafəsinə və 453 kq-a qədər yükqaldırma qabiliyyətinə malikdir. O, ucqar bölgələrdəki dəniz piyadalarına ərzaq, dərman, döyüş sursatı, hətta içməli su, yanacaq və hərbi texnikaya ehtiyat hissələri daşımağa kömək edəcək.

“Kargo” kvadrokopteri və ona qulluq üçün nəzərdə tutulan bütün alətlər hərbi və ya kommersiya hava və ya dəniz nəqliyyatı ilə və ya ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus hərbi gəmilərlə istənilən yerə daşına bilən standart yük konteynerində saxlanılır. “Kargo” PUA strateji ön bölgələrə yerləşdirilə bilir və onu daşıma konteynerindən çıxarıb havaya qaldırmaqdan ötrü yalnız iki nəfər dəniz piyadası kifayət edir.

Qeyd etmək lazımdır ki, “Kaman” şirkəti 2011-ci ildə Əfqanıstanda fəaliyyət göstərmiş K-MAX ağır yük PUA-nın istehsalçısıdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS