ABŞ-da SB>1 DEFIANT helikopterinin final sınaqları baş tutub
ABŞ-ın “Lockheed Martin” korporasiyasının tərkibinə daxil olan “Sikorsky” və “Boeing” şirkətlərinin birgə istehsalı SB>1 DEFIANT helikopteri ən çətin uçuş sınağından uğurla keçib.
“Poliqon” “Boeing” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, FLRAA (Future Long Range Assault Aircraft) ordu proqramı üçün perspektivli helikopter sınaqlarını başa çatdırıb.
Sınaqın final mərhələsi 236 düyündən sürətlə yavaşlama və sıx bitki örtüyü arasında çətin əraziyə şaquli eniş tapşırığı idi. SB>1 DEFIANT helikopterinin sınaq nümunəsi bu vəzifənin öhdəsindən uğurla gəlib, həmçinin məhdud məkanda aşağı hündürlükdə manevr etmək qabiliyyətini nümayiş etdirib.
Qeyd edək ki, FLRAA ABŞ Ordusu üçün “reaktiv” helikopterlərin bir neçə modelini almağı planlaşdıran daha böyük “Future Vertical Lift” (FVL) proqramının bir hissəsidir. SB>1 DEFİANT helikopterinin əsas rəqibi “Bell” şirkətinin “V-280 Valor” konvertoplanı olacaq.
Xatırladaq ki, SB>1 DEFIANT, uzlaşmış sxemli qoşa pərvanəli (vintli) və quyruqda itələyici pərvanəli (vintli) helikopterdir ki, bunun sayəsində nəzəri olaraq 250 düyündən (təxminən 460 km/saat) artıq sürətlə uça biləcək. Helikopterin kütləsi 13,6 tondur.Helikopter iki pilot da daxil olmaqla 14 nəfəri daşıya bilir.
Əhəd Əzizov