
ABŞ “hava-hava” tipli raketlərin Türkiyəyə satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti AIM-9X “Sidewinder” Block II və AIM-120C-8 AMRAAM raketlərinin Türkiyəyə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Birinci sifarişə 79.1 milyon ABŞ dolları dəyərində 60 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
225 milyon ABŞ dolları dəyəri olan ikinci sifarişə isə 53 ədəd “hava-hava” tipli AIM-120C-8 AMRAAM raketinin və digər sistemlərin satın alınması, habelə onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi aiddir.
Hər iki sifarişin əsas podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.